...

Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb - Vüqar Rəhimzadə

Siyasət Materials 23 Dekabr 2023 16:31 (UTC +04:00)
Ötən 20 ilin hər günü Azərbaycanın tarixinə möhtəşəm uğur səhifələri kimi yazılıb - Vüqar Rəhimzadə

Bakı. Trend:

Ötən 20 ildə Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanı formalaşdırmaq və dünyaya təqdim etmək fəlsəfəsi dayanıb.

"Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik". 2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən təntənəli andiçmə mərasimində bu fikirləri böyük inam və qətiyyətlə səsləndirən cənab İlham Əliyev, eyni zamanda, belə bir çağırış da etmişdi ki, Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir. Prezident İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi 20 illik dövrün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq mərhələsi kimi xarakterizə olunur. Bu illər ərzində Azərbaycan bütün sahələrdə uğurlu inkişafa nail oldu. Ölkəmizin iqtisadi imkanlarının artması digər sahələrdə də mühüm addımların atılmasını şərtləndirdi. İqtisadi müstəqilliyimiz siyasi müstəqillik üçün stimul rolunu oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artdı, ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri möhkəmləndi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi daim diqqətdə saxlanıldı, artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza formalaşdı, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Ümumiyyətlə, ötən 20 ildə Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanı formalaşdırmaq və dünyaya təqdim etmək fəlsəfəsi dayanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin və onun reallıqlarının fonunda dövlət başçısı İlham Əliyev təəssüf hissi ilə vurğulayır ki, Ulu Öndər Heydər Əliyev bu günü görmədi.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə böyük inamını nümayiş etdirərək axıra çatdıra bilmədiyi işləri Onun axıra çatdıracağına əminliyini ifadə etmişdi. Bu mühüm məqam da xüsusi qeyd edilmişdi ki, cənab İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Son 20 ilin uğurları dövlət başçısı İlham Əliyevin Ümummilli Liderin Ona göstərdiyi etimadı doğrultduğunu, xalqın seçimində yanılmadığını bir daha təsdiqlədi. Prezident kimi ali dövlət vəzifəsində çalışdığı ötən 20 ilin hər günündə Azərbaycanın tarixinə bütün sahələrdə möhtəşəm uğur səhifələri yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də torpaqlarımızın xilaskarı, qalib Sərkərdə adını Özünə haqq edib. Şübhəsiz, 30 il işğal altında olan ərazilərin cəmisi 44 gündə azad edilməsi Müzəffər Ali Baş Komandanın böyük qətiyyətinin, sarsılmaz iradəsinin və mükəmməl sərkərdəlik qabiliyyətinin nəticəsidir. Bu yüksək keyfiyyətlərinə postmüharibə dövründə yeni-yeni əlavələr edən Prezident İlham Əliyev daim bu çağırışı edir ki, gələcək haqqında düşünməliyik, zamanı qabaqlamalıyıq.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın bu gün ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi uğurlarımızın ümumiləşdirilmiş ifadəsi və gələcəklə bağlı hədəflərimizin təqdimatıdır. Möhtərəm Prezidentimizin daim irəli baxmaq çağırışı möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru addımlamağı bir tələbə çevirir. Üç il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Bu ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız separatçı-terrorçulardan təmizləndi, ölkəmizin suverenliyi tam təmin edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. Zəfərimizin üçüncü ildönümündə - noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi paradda iştirak etdi. Bu gün sonsuz qürur hissi ilə bəyan edirik ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı xalqın qalib ruhunun güzgüsüdür. Bu birlik, həmrəylik Azərbaycan tarixinin Zəfər, qürur səhifələrinin zənginləşməsində əsas amildir.

Vüqar Rəhimzadə diqqəti dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşmasına, oyundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin stadiondakı çıxışına yönəldib. Bildirib ki, dövlətimizin başçısının böyük inamla və qürur hissi ilə qeyd etdiyi kimi, bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırda azad Qarabağımız və Şərqi Zəngəzurumuz sürətli dirçəliş mərhələsini yaşayır. Paytaxt Bakı ilə yanaşı, bu torpaqlarımız da beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri tarixi Zəfərimizin təqdimatı olmaqla yanaşı, Böyük Qayıdışın tezliklə tam şəkildə reallığa çevriləcəyini təsdiqləyir. Hər səfər mühüm sosial obyektlərin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıqla yadda qalır. Artıq soydaşlarımızın qayıdış ünvanlarının say tərkibi gündən-günə genişlənməkdədir. Prezident İlham Əliyevin Xankəndidə Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən futbol oyununun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir” fikirləri dünənimizə, bugünümüzə baxış əsasında gələcəyimizin təqdimatıdır. Azərbaycan bundan sonra da yeni-yeni qələbələri ilə dünyanın diqqətində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti