...

ABŞ Ermənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atır - ŞƏRH

Siyasət Materials 17 Aprel 2024 18:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Həm aprelin 5-də keçirilən görüşdən əvvəl, həm də ondan sonra cərəyan edən proseslər bir daha təsdiq edir ki, ABŞ başda olmaqla Qərbin müharibə komandası Cənubi Qafqazda sabitliyi pozmaq, yeni müharibələrə başlamaq üçün fəaliyyətə keçib. Biz ABŞ-nin Ermənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atmasını daha açıq şəkildə müşahidə edirik.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək.

“Amerika qiymətləndirmə qruplarının Ermənistana göndərilməsi ölkənin KTMT-nin hava hücumundan müdafiə sisteminə davamlı inteqrasiyasını nəzərə almaqla, Ermənistanın HHQ və hava hücumundan müdafiəsini yenidən qiymətləndirməyə və yenidən təşkil etməyə yönəlmiş strategiyanın bir hissəsidir. Hesab edirəm ki, bu addım ABŞ-nin Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinin daha geniş kontekstinə uyğun gəlir. Bu işin müəyyən hissəsi artıq aparılır, bunu Fransanın Ermənistana gətirdiyi radar sistemləri də sübut edir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsirini azaltmaq üçün nəzərdə tutulan Ermənistanın hava hücumundan müdafiəsini gücləndirmək üçün texnologiya, təlim və dəstək verməklə əsas rol oynamağı planlaşdırır”, - deyə deputat bildirib.

Deputatın sözlərinə görə, ABŞ, ümumlikdə Qərbin müharibə komandası təkcə Rusiyanın təsirini azaltmaq niyyətində deyil, həm də Ermənistanı silahlandıraraq onu Azərbaycana qarşı revanşist addımlara sövq etməkdir.

“Bir faktı qeyd edək ki, Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti verəcək. Məlumat üçün bildirim ki, Xarici Hərbi Maliyyələşdirmə (Foreign Military Financing, FMF) proqramı ABŞ-nin müttəfiqlərini və tərəfdaşlarını avadanlıq, təlim və digər hərbi ehtiyaclar üçün qrantlar və ya kreditlər verməklə dəstəkləmək üçün nəzərdə tutulmuş əsas ABŞ xarici siyasət alətidir.

Bu proqram qəbul edən ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi qarşılıqlı fəaliyyətin artırılmasına kömək edir. Bu kimi faktları çox sadalamaq olar. Lakin elə misal çəkdiyimiz məsələnin özü Birləşmiş Ştatların Cənubi Qafqazı müharibə meydanına çevirmək üçün fəaliyyətə keçdiyini təqsdiqləyib. Lakin bir daha o məqama qayıdırıq ki, Ermənistan hakimiyyəti yaxşı-yaxşı düşünməli, ağılsız addımlardan çəkinməlidir”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, 5 aprel görüşünün nəticəsinə uyğun olaraq əsas da ABŞ tərəfindən verilən vədlər və Ermənistanın hərbi ləvazimatlarla təmin edilməsi ilə bağlı edilən çağırışlar birmənalı şəkildə bölgədəki, sərhəddəki vəziyyəti gərginləşdirmək, sülhü əngəlləmək, aranı qatmaq məqsədini daşıyır.

"Eyni zamanda Qərb dairələri onu göstərməyə çalışır ki, Ermənistan artıq Rusiyanın əlindən çıxıb və ABŞ-nin, Avropanın himayəsindədir. Məlum gedişata qətiyyən təəccüblənmədim və kimsə də təəccüblənməsin. 30 il ərzində Qarabağın işğalına göz yumanlardan, ATƏT-in Mink Qrupunun tərkibində qış yuxusuna dalanlardan, BMT-nin 4 qətnaməsini görməzdən keçənlərdən, hər fürsətdə yeni bir ədalətsizliyə imza atanlardan başqa nə gözləmək olardı ki? Əlbət, heç nə?! Sadəcə ABŞ və Avropa bir məqamın fərqində deyil ki, Ermənistan kimi yırtıcı və işğalçı dövlətə əl uzatmaqla, yardım etməklə ilk növbədə özlərini gözdən salırlar, onsuzda enişdə olan nüfuzlarını daha da itirirlər, qlobal dünyada etibarsız, güvənsiz tərəfdaşa çevirilirlər.

Təbii ki, bu cür həmlələr, bu cür təzyiqlər Azərbaycanı öz müstəqil və milli siyasətindən sapdıra, döndərə, yayındıra bilməz. Ermənistana nə silah verirlərsə versinlər, nə yardım edirlərsə etsinlər, bütün hallarda yenə güclü tərəf Azərbaycan olacaq. Çünki haqlı və ədalətlinin qarşısında kimsə duruş gətirə bilməz", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti