...

Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır - Kayrat Osmonaliyev

Siyasət Materials 15 İyun 2024 15:08 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Mövcud şəraitdə türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtı çatıb, bu barədə ciddi düşünməliyik.

Trend xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Azərbaycanda səfiri vəzifəsini müvəqqəti icra edən Kayrat Osmonaliyev “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Türk Dünyası-2040: gələcəyə konseptual baxış” adlı ikinci panel sessiyada səsləndirib.

Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin dərin strateji tərəfdaşlıq formatında olduğunu qeyd edən qırğız diplomat ölkəmizdə təmsilçiliyinin müddətinin başa çatdığını deyib. Bildirib ki, Azərbaycanı və onun qonaqpərvər insanlarını hər zaman ehtiramla xatırlayacaq. Diplomat ölkələrimizin gələcəkdə müttəfiqlik münasibətləri səviyyəsinə keçmək potensialı olduğunu bildirib.

Ölkəsinin hər zaman türk dünyasında inteqrasiya prinsiplərinin gücləndirilməsinin ardıcıl və fəal tərəfdarı olduğunu diqqətə çatdıran qonaq bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

“Düşünürəm ki, bugünkü konfrans gələn ayın 5-6-da Şuşada keçiriləcək TDT dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş verir və əslində onun müqəddiməsidir”, - deyə o diqqətə çatdırıb.

Köhnə dünya nizamının dağıldığını və yenisinin formalaşdığını qeyd edən K.Osmonaliyev bu prosesin mürəkkəb olmaqla bərabər, qlobal sülh və təhlükəsizlik üçün təhlükəli olduğunu bildirib.

Onun sözlərinə görə, münaqişələr, müharibələr həmçinin beynəlxalq sanksiyaların hibrid müharibə forması kimi istifadə edilməsi regionumuza birbaşa təsir edir.

Xəbər lenti

Xəbər lenti