...

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Siyasət Materials 15 İyun 2024 17:55 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

İyunun 15-də Şuşada Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşkil olunan “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” adlı beynəlxalq konfrans çərçivəsində “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” mövzusunda ikinci panel sessiyası keçirilib.

Trend xəbər verir ki, panel sessiyasının moderatoru - Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Qarabağın incisi, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini yenidən ziyarət etməkdən məmnunluğunu bildirib, hər il bu diyarda Şuşa Bəyannaməsinə həsr olunmuş konfransların keçirilməsinin ənənə halını aldığını söyləyib.

Ş.Ayrım Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Azərbaycanın haqq yolunda olduğunu deyən TBMM-nin üzvü qeyd edib ki, haqq uğrunda mübarizə məntiqi yekununa çatıb, ölkənin ərazi bütövlüyü bərpa edilib. Bu gün Azərbaycanın hər tərəfində üçrəngli Dövlət Bayrağı dalğalanır. Bu, çox önəmlidir. Amma hələ də sülh müqaviləsi imzalanmayıb. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistandan müəyyən tələbləri var. İnşallah, qalan problemlər də həll olunacaq.

O, Prezident İlham Əliyevin söylədiyi “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin önəmini vurğulayaraq deyib ki, bu gün Türk dünyasının birliyi qaçılmaz prosesdir. Bütün Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə fəxr edir, qürur duyur”.

Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına mütləq qayıdacaqlarını vurğulayan TBMM-in üzvü deyib: “İnanırıq ki, Qərbi azərbaycanlılar doğma torpaqlardakı məscidlərində ibadət edə biləcəklər”.

Sonra çıxış edən YAP Sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, qədim Türk dünyasının və bu dünyanın tərkib hissəsi olan ayrı-ayrı Türk xalqlarının, Türk dövlətlərinin öz mövcudluqlarını qoruyub-saxlamasını, onların inkişafını şərtləndirən ən mühüm amillərdən biri, bəlkə də birincisi bu günə qədər yaşatmış olduqları ortaq dəyərlər, türkçülük məfkurəsidir. Dünyada xalqların, millətlərin hər hansı ideologiya ətrafında birləşməsi ilə bağlı müxtəlif nümunələr var. Türk xalqlarını birləşdirən dəyərlər isə bütün digər nümunələrdən fərqlənir. Çünki biz eyni soy-kökünə, eyni tarixə malikik, eyni dildə danışırıq.

YAP Sədrinin müavini bu ümumi dəyərlərin Türk dövlətlərinin gələcək inkişafını şərtləndirən ortaq məqsədlərə çevrilməsinin zəruriliyini bildirib: “Çünki ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər sadəcə olaraq bir ideologiya, məfkurə, düşüncə çərçivəsindən kənara çıxa bilməz. İnanıram ki, türk xalqlarının, türk dövlətlərinin artıq formalaşmış ortaq məqsədləri birliyimizin inkişafına xidmət edəcək”.

Yeni Azərbaycan Partiyasının Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hakim partiyaları ilə əlaqələrinin inkişafına toxunan Əli Əhmədov partiya diplomatiyasının günümüzün reallığı baxımından əhəmiyyətinə diqqət çəkib. Deyib ki, özündə çox mühüm məsələləri birləşdirən bugünkü tədbir də YAP-ın partiya diplomatiyasından səmərəli şəkildə istifadəyə verdiyi önəmin gözəl bir nümunəsidir.

2020-ci ilin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il olduğunu bildirən YAP Sədrinin müavini xatırladıb ki, 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycan müzəffər Ordusu tərəfindən azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyulub. Bu Qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır.

O, Qələbənin qazanılmasına ölkəmizə böyük siyasi dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolunu da qeyd edib.

Əli Əhmədov partiya diplomatiyasından istifadə edilməsi istiqamətində görülən işlərin bundan sonra da daha geniş miqyasda inkişafına nail olunacağına və bunun Türk dünyasının öz məfkurəsini, ideologiyasını, əməkdaşlıq imkanlarını yüksəltməsi istiqamətində mühüm faydasını göstərəcəyinə əminliyini bildirib.

Ulusal Birlik Partiyasının sədri, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel isə çıxışında qeyd edib ki, qədim tarixə əsaslanan və böyük gələcəyə doğru güclü addımlar atan Türk Dövlətləri Təşkilatı 200 milyona yaxın əhali sayı, təqribən 4,5 milyon kvadratkilometrə çatan ərazi və 2 trilyon dollara çatan iqtisadi potensialı ilə artıq qlobal bir gücə çevrilib. Türk Dövlətləri Təşkilatı üzv ölkələrin tam arxalanacağı bir güc mərkəzidir.

O bildirib ki, tarixi və ortaq ənənələrə, dəyərlərə malik TDT-nin beynəlxalq nüfuzu getdikcə artır. Bu təşkilatın qlobal problemlər və geosiyasi proseslər fonunda böyük əhəmiyyəti var.

Azərbaycan və Şimali Kipr arasında əlaqələrdən bəhs edən Ünal Üstel ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb. “İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək və möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, bunun da zamanı gəlmişdir. İnanırıq ki, Şimali Kipr Türk Cümhuriyyəti tezliklə TDT-yə üzv qəbul ediləcək”, - deyən Ünal Üstel ölkəsinə dəstəyə görə Türkiyəyə və Azərbaycana təşəkkür edib.

Ü.Üstel vurğulayıb ki, 2023-cü ildə Ulusal Birlik Partiyası, AK Parti və Yeni Azərbaycan Partiyası arasında tarixi bir əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilənin imzalanmasından sonra partiyalar arasında dialoq da artıb. Azərbaycan Milli Məclisi ŞKTC ilə Dostluq Qrupunun qurulması qərarını qəbul edib və bu, çox vacib bir addımdır.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, TBMM-nin üzvü Zafer Sırakaya çıxışında qeyd edib ki, dünyada qarşıdurmaların və qeyri-sabitliyin getdikcə artdığı və qlobal rəqabətin amansızcasına sürətləndiyi bir dövrdə yaşayırıq. Belə çətin bir prosesdə dünyanın iqtisadi mərkəzlərinin dəyişdiyini və coğrafiyamızın əhəmiyyətinin artaraq bir cəlbedici mərkəzə çevrildiyini də müşahidə edirik. Belə bir mühitdə artıq Türk dünyası olaraq aramızdakı bağların güclənməsinə hər zaman olduğundan daha çox ehtiyac duyuruq.

Zafer Sırakaya diqqətə çatdırıb ki, Türk dünyasının birliyini möhkəmləndirəcək sağlam addımlar atılmaqda və mühüm nailiyyətlər əldə etməkdədir.

“Türkiyədə ötən ilin fevralında baş vermiş zəlzələdən sonra Türk Dövlətləri Təşkilatına üzv ölkələrdəki qardaşlarımızdan gördüyümüz dəstək və həmrəylik, Türk xalqının yaddaşına silinməz şəkildə həkk olunub”, - deyə AK Parti Sədrinin müavini bildirib.

Vurğulanıb ki, TDT üzvlərinin dünya ölkələri ilə ticarəti 1,2 trilyon dolları ötüb. Enerji və Orta Dəhliz kontekstində nəqliyyat sahələrində də əməkdaşlığı artırmaq istiqamətində möhtəşəm potensial mövcuddur.

Plenar sessiyada çıxış edən Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki ölkəsində keçirilən son prezident seçkilərindən, Ukraynada davam edən müharibədən, Avropa İttifaqının və AŞPA-nın ikili standartlarından danışıb. Azərbaycanda qadınlara səsvermə hüququnun Avropa ölkələrindən çox əvvəl verildiyini bildirən Attila Tilki qeyd edib ki, indi həmin ölkələr demokratiyadan, suverenlikdən danışırlar. “Bizim türklərlə qohumluğumuz olduğu üçün çox qürurluyuq. Çünki bilirik ki, biz birlikdəyik”, - deyən A.Tilki Azərbaycanda olduqları üçün özlərini xoşbəxt hiss etdiklərini söyləyib. O, azad olunmuş ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı ölkəmizə təbriklərini çatdırıb.

Xəbər lenti

Xəbər lenti