...

Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsində 516 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək

Siyasət Materials 1 Sentyabr 2024 13:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi 69 məntəqəni əhatə edir. Dairə üzrə səsvermə hüququ olan 50211 seçici ölkəmizin həyatında mühüm hadisə olan növbədənkənar parlament seçkilərində öz seçimlərini edir.

Trend xəbər verir ki, dairə seçki komissiyasının sədri Xəyyam Nəzərov bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səsverməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. 516 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Dairə üzrə yaşı 80-100 arası olan 927 nəfər, yaşı 100-dən çox olan 3 nəfər var.

Səhər saat 08:00-dan başlayaraq insanlar məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər.

Basqal qəsəbəsində 49 saylı seçki məntəqəsində də böyük qələbəlik var. Qəsəbə sakini Ələsgər Şirinov müsahibəsində məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə demokratik seçki sisteminin yaradıldığını deyib. O, səsvermədə iştirak edərək, istədiyi namizədə səs verib.

Qeyd edək ki, bütün məntəqələrdə səsvermənin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənilir.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti