Bakı. Trend:
Beynəlxalq müşahidəçilərin iştirakı Azərbaycanın parlament seçkilərinin açıq, şəffaf və demokratik keçirilməsini təmin etmək istəyini əks etdirir.
Trend xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyasının rəhbəri, ŞƏT -nın Baş katibinin müavini Nuran Niyazaliyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müşahidə missiyasının üzvləri 30 avqustdan 1 sentyabra qədər fəaliyyət göstəriblər.
"Beynəlxalq müşahidəçilərin parlament seçkilərində iştirakına şərait yaradılması Azərbaycanın seçkilərin açıq, şəffaf və demokratik olmasını təmin etməyə olan səyini nümayiş etdirir", - o qeyd edib.
Niyazaliyev əlavə edib ki, missiyanın tərkibində ŞƏT-nın 8 ölkəsindən 16 müşahidəçi akkreditə olunub.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.