Bakı. Trend:
Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda keçirilən "Sonsuz qardaşlıq - III" çoxmillətli təlimi davam edir.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan
xüsusi təyinatlıları poliqonda yaradılmış təlim nöqtələrində
taktika, atəş, snayper, dağ və paraşüt hazırlığı üzrə praktiki
məşqləri yerinə yetirirlər.
Çoxmillətli qruplar halında keçirilən döyüş hazırlığı məşğələləri
iştirakçı ölkələrin hərbi qulluqçularının təcrübəsindən
bəhrələnməyə və onların tətbiq etdiyi forma və metodları
mənimsəməyə imkan yaradır.
Təlimin növbəti mərhələsində iştirakçı bölmələrin qarşısında
yaşayış məntəqəsindəki qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi
və zərərsizləşdirilməsi üzrə təlim-döyüş tapşırığı qoyulub.
Real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə xüsusi təyinatlılar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
Bu cür təlimlər bölgələrdə sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə səylərin birləşdirilməsinə xidmət edir və şəxsi heyətin qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqların uğurlu icrasına böyük töhfə verir.