...

Ermənistan hakimiyyəti sülhlə bağlı mövqelərində qeyri-səmimilik nümayiş etdirir - ŞƏRH

Siyasət Materials 28 Sentyabr 2024 12:12 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistan hakimiyyəti birmənalı şəkildə sülhlə bağlı mövqelərində qeyri-səmimilik nümayiş etdirir.

Bunu Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov deyib.

O bildirib ki, bütövlükdə Ermənistanın verdiyi bəyanatlarla praktikada atdığı addımlar əsla üst-üstə düşmür.

"Ermənistan hakimiyyəti, başda baş nazir Nikol Paşinyan olmaqla, bütün hökumət komandası həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti aldatmaq üçün bütün saxtakarlıqlardan istifadə edir. Paşinyan Avropa platformalarında, Avropa parlamenti, AŞPA kimi çirkaba bulaşmış təşkilatların tribunalarından etdiyi çıxışlarda guya Ermənistanın sülh istədiyini bildirir.

Bu gün Ermənistan ordusuna kütəvi şəkildə Qərb silahlarının verilməsi, Ermənistan ərazilərində Avropa İttifaqının mülki-müşahidə missiyası adı altında Qərbin casus şəbəkələrinin at oynatması vəziyyətin nə qədər təhlükəli olduğunu və Ermənistan əraziləri üzərindən hansı çirkin planların qurulduğunu söyləməyə əsas verir.

Ermənistan bir tərəfdən sülh deyir, digər tərəfdən Azərbaycana qarşı qara piar təşkil edir. Erməni lobbisinin əlinin altında oyuncağa çevrilmiş siyasətçilər, dələduz adamlar vasitəsilə COP29 və Azərbaycanın əleyhinə qara piar kampaniyası aparırlar.

Məsələn, COP29-un əleyhinə qara piarın ruporuna çevrilmiş Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş dələduz hakimlərindən olan Luis Modeno və yaxud NATO-nun keçmiş baş katibi Foq Rasmussen hazırda erməni lobbisinin çirkli qara piar kampaniyasının əsas ruporuna çevrilibdir. Bu adamlar Ermənistan tərəfindən maliyyə də daxil olmaqla hər bir dəstəyi, yardımı alırlar.

Siyasi şərhçi Asif Oruclu bildirib ki, Paşinyanın sülh prosesindəki davranışları bir çox analitik və müşahidəçi tərəfindən ikiüzlülük olaraq qiymətləndirilir.

"Onun sülh müqaviləsi tərəfdarı kimi görünməsi siyasi strategiyasının bir hissəsidir. Görünüşdə sülhə yönəlmiş addımlar atsa da, bəzi əməlləri bu yanaşmanın inandırıcılığını sarsıdır.

Paşinyan regional stabilizasiya və iqtisadi inkişaf naminə sülhü təşviq edir. Ancaq bəziləri onun bu yanaşmasını, daxili və xarici təzyiqlərə qarşı bir müdafiə mexanizmi kimi görür. Sülh müqaviləsinə yönəlməsi həm də onun beynəlxalq aləmdəki reputasiyasını artırmaq məqsədini güdür.

Bir tərəfdən, Paşinyan sülh danışıqlarına açıq olduğunu bildirir, digər tərəfdən isə, müxalifət və ictimaiyyət arasında daxili mübahisələri artıran bəzi ifadələr və qərarlar verir. Bu, onun müxalifət tərəfindən tənqid olunmasına səbəb olur. Məsələn, sülh prosesində atılan addımların kifayət qədər konkret olmaması və ya zamanlama məsələləri, onun niyyətlərinin ciddiliyini sual altına alır".

Şərhçi bildirib ki, regionda gedən geosiyasi dəyişikliklər də Paşinyanın sülh prosesindəki rolunu çətinləşdirir. Ermənistan və Azərbaycan arasındakı münasibətlər onun siyasətinin yalnız daxili deyil, xarici amillərdən də asılı olduğunu göstərir.

"Həmçinin, Rusiya və Qərb dövlətlərinin bölgədəki təsiri Paşinyanın sülh təşəbbüslərinə müsbət və ya mənfi təsir edə bilər.

Paşinyanın sülhə yönəlmiş strategiyası bir çox cəhətdən müsbət olsa da, onun ikiüzlülük və siyasət oyunları ilə ziddiyyətli olması, insanların inamını azaldır. Sülh prosesinin uğuru yalnız liderin niyyətləri ilə deyil, eyni zamanda, onun əməlləri ilə də ölçülməlidir", - deyə A.Oruclu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti