...

Paşinyanın Moskvadakı hərəkəti Ermənistanın sülhə hazır olduğunu iddia edən bəyanatlarının saxtalığını sübut edir - Politoloq

Siyasət Materials 9 Oktyabr 2024 19:38 (UTC +04:00)
Paşinyanın Moskvadakı hərəkəti Ermənistanın sülhə hazır olduğunu iddia edən bəyanatlarının saxtalığını sübut edir - Politoloq
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Rusiyaya rəsmi səfər edərək, Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirdi. Prezident Əliyev, həmçinin, Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında da iştirak etdi.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev vurğulayıb ki, bu görüşlər regional təhlükəsizliklə bağlı müzakirələri genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

"Son illər Azərbaycan-Rusiya münasibətləri əməkdaşlıq və qarşılıqlı anlayışın inkişafı ilə seçilir. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra əməkdaşlıq layihələri həyata keçirilir. Bu da regional sabitliyin və təhlükəsizliyin qorunmasında vacib amil rolunu oynayır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı.

Bu gün Laçın artıq bərpa olunub, burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb".

Politoloq qeyd edib ki, Rusiyada Ermənistan baş naziri Nikol Paşinyan və Putinlə üçtərəfli görüş planlaşdırılsa da, bu görüş baş tutmadı. Paşinyan görüşdən imtina etdi və nəticədə üçtərəfli danışıqlar pozuldu.

"Paşinyanın Moskvadakı bu hərəkəti Ermənistanın sülhə hazır olduğunu iddia edən bəyanatlarının saxta olduğunu bir daha sübut edir. Bu, ilk dəfə deyil ki, Paşinyan belə bir addım atır. O, daha əvvəl Londonda da planlaşdırılmış görüşdən imtina etmişdi. Bu hərəkətlər göstərir ki, Ermənistanın sülh prosesindən qaçmaq məqsədi daşıyan strategiyası davam edir və Paşinyan sülh danışıqlarına qatılmaqdan qaçmaqda qərarlıdır".

A.Qarayev əlavə edib ki, bu addım Ermənistan rəhbərliyinin regionda sabitlik yaratmaq üçün heç bir səmimi addım atmadığını və sülh üçün vacib sənədlərə imza atmaqdan imtina etməsi ilə prosesə mane olduğunu ortaya qoyur:

"Məlumdur ki, Moskvada imzalanması planlaşdırılan iki mühüm deklarasiya məhz Ermənistanın bloklaması nəticəsində rəsmiləşdirilmədi.

Paşinyanın sülh danışıqlarından qaçması Ermənistanın öz xalqı və regionun sabitliyi üçün təhdid yaratmağa davam etdiyini göstərir.

Nəticə etibarilə, Nikol Paşinyanın bu addımı sülh prosesinə qarşı olan əngəllərin bir hissəsi olaraq qəbul edilməlidir. Bu isə Ermənistanın real sülh istəmədiyini və prosesdən qaçmaqla regionda davamlı gərginliyi saxladığını bir daha sübut edir".

Xəbər lenti

Xəbər lenti