Bakı. Trend:
Yeni iqlim maliyyəsi məqsədi əhəmiyyətli artım tələb edir.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində deyilir.
"Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.
COP29-un sədri olaraq nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilməz. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ “Şamaxı məsləhətləşmələri” iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər", - Prezident İlham Əliyevin müraciətində qeyd olunub.