Bakı. Trend:
9 dekabr 2024-cü il tarixində Ər-Riyad şəhərində Azərbaycan
Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər
Nazirlikləri arasında siyasi məsləhətləşmələrin üçüncü raundu
keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Yalçın Rəfiyev, Səudiyyə Ərəbistanı Krallığının
nümayəndə heyətinə xarici işlər nazirinin müavini Valid Əl-Xureyci
rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi, siyasi,
iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın hazırkı
vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) iki ölkə arasında mövcud
əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı bildirilib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında BMT, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına dair fikir
mübadiləsi aparılıb, qarşılıqlı dəstəyin bundan sonra da davam
etdirilməsi razılaşdırılıb.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan
tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan
addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və
orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə
ətraflı məlumat verilib.
Görüşdə turizm, yaşıl enerji və investisiya qoyuluşu sahələrində
əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq
məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə
olunub.
Səfər çərçivəsində Y.Rəfiyev həmçinin, Səudiyyə Ərəbistanı
Krallığının enerji nazirinin davamlılıq və iqlim dəyişikliyi üzrə
müavini Xalid Əl-Mehaid ilə də görüşüb.