Bakı. Trend:
3 mart 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin
Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul
edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş
zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və
perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin
icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu
əməkdaşlığın yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı
inkişaf sahəsində milli prioritetlərinə uyğunlaşdırılaraq daha da
təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 2 mart 2025-ci il tarixinin Azərbaycanın
BMT-yə üzv olaraq qəbul edilməsinin 33-cü ildonümünə təsadüf
etdiyini və ötən 33 il ərzində Azərbaycanla BMT sisteminə daxil
olan qurumlar arasında əməkdaşlığın səmərəli və konstruktiv şəkildə
qurulduğundan məmnunluq duyduğunu bildirib. Xüsusilə
müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və 1 milyona
yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın
qarşılaşdığı iqtisadi və sosial çağırışlara qarşı mübarizədə dəstək
vermək məqsədilə həmin dövrdən etibarən ölkəmizdə fəaliyyətə
başlayan bəzi BMT qurumları ilə həyata keçirilmiş əməkdaşlığın
Azərbaycanda institusional inkişaf və qabiliyyət quruculuğuna mühüm
töhfə verdiyi bildirilib.
Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə
Azərbaycan Respublikasının əldə etdiyi sosial-iqtisadi tərəqqinin
sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və
imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT
qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti
göstərdiyi xüsusilə qeyd olunub.
Bununla əlaqədar, Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə
töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə
uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı,
BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə
əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də
gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları
ilə işləməklə davam etdiriləcəyi qeyd olunub.
Qui-Yeop Son ölkəmizi COP29-un uğurlu təşkilatçılığı və əldə olunan
tarixi nəticələr münasibətilə təbrik edərək, bu istiqamətdə
Azərbaycanla BMT sistemi arasında həyata keçirilmiş əməkdaşlığın
təqdirəlayiq olduğunu bildirib.
Xanım Son BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin icrasına
dəstək istiqamətində hökumət ilə yüksək səviyyəli əməkdaşlıqdan və
tərəfdaşlıqdan məmnunluq ifadə edib. O, milli inkişaf
prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək üçün
Azərbaycan hökuməti ilə tərəfdaşlıq və əməkdaşlığı davam etdirməyə
hazır olduqlarını qeyd edib.