Bakı. Trend:
Türkiyə strateji muxtariyyəti inkişaf etdirməyi bacaran ölkə nümunəsidir.
Trend-in məlumatına görə, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı Türkiyənin 1991-1994-cü illərdə xarici işlər naziri olmuş Hikmət Çətin deyib.
"Türkiyə Avropa, Yaxın Şərq və Avrasiyanı birləşdirən unikal coğrafi mövqeyi sayəsində strateji muxtariyyət inkişaf etdirməyi bacaran bir ölkə nümunəsidir", - H.Çətin qeyd edib.
O əlavə edib ki, bu, Türkiyənin beynəlxalq siyasətdə mühüm rol oynamasına, müxtəlif bölgələr və təşkilatlar arasında tarazlığı təmin etməyə imkan verir.
Hikmət Çətin Türkiyənin NATO-nun üzvü, Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların fəal iştirakçısı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu çoxtərəfli əlaqələr Türkiyənin Avropa və digər dünya gücləri üçün strateji tərəfdaş kimi əhəmiyyətini vurğulayır.
"Türkiyənin unikal mövqeyi ona qlobal münaqişələrin sülh yolu ilə həllində əsas rol oynamağa və dünyanın müxtəlif yerlərində sabitliyin təmin olunmasına imkan verir", - o qeyd edib.
O, həmçinin, vurğulayıb ki, iqlim dəyişikliyi, miqrasiya və iqtisadi qeyri-sabitlik kimi qlobal çağırışların effektiv həlli üçün ölkələr tərəfindən daha çox əməkdaşlıq və kollektiv fəaliyyət lazımdır.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.