Bakı. Trend:
Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir.
Trend xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Milli Məclis analitik informasiya jurnalında dərc olunan “Azərbaycanın müstəqil və suveren xarici siyasət modeli” məqaləsində bildirib.
XİN başçısı məqaləsində Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətni ilə bağlı aparılan danışıqlardan söz açıb.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə ikitərəfli danışıqlar çərçivəsində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarda ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir. Qeyd olunan təhdidlərin daim diqqət mərkəzində saxlanılması diplomatiyamızın əsas hədəflərindən biridir.
Bunlarla yanaşı, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzü nəticəsində yaranmış itkin düşmüş şəxslər probleminin həlli istiqamətində beynəlxalq səylərin genişləndirilməsi, genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları üçün dəstəyin cəlb edilməsi, habelə Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqlarının bərpa olunması məsələsinin diqqət mərkəzində saxlanılması səyləri olduqca əhəmiyyətli istiqamətlərdəndir”, - deyə C.Bayramov qeyd edib.
Nazir əlavə edib ki, 30 illik işğal dövründə olduğu kimi 44 günlük Vətən müharibəsində və antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra da Azərbaycana qarşı Ermənistan və onun havadarları tərəfindən aparılan qarayaxma kampaniyasının qarşısının alınması, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində addımların beynəlxalq ictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq, məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl, sistemli və qətiyyətli xarici siyasət fəaliyyəti davam etməlidir.