Bakı. Trend:
İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa xələl gətirir.
Trend xəbər verir ki, bunu İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” beynəlxalq konfransında çıxışı zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə, müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur:
"Bu yanaşmanın əsasında Eduard Səidin “Orientalizm” (Şərqşünaslıq) əsəri dayanır. Eduard Səid göstərirdi ki, Qərb Şərqi çox vaxt “geridə qalmış” və “təhlükəli” kimi təqdim edir. Bu yanaşma təkcə elm və mədəniyyətdə deyil, həm də siyasi və iqtisadi güc münasibətlərində özünü göstərir. Bu yanaşmanın məqsədi Şərqi anlamaq deyil, onu nəzarət altına almaqdır".
F.Şəfiyev qeyd edib ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə araşdırmalar aparmaq, eləcə də həmin tədqiqatların nəticələrinin həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə paylaşılması üçün imkanlar yaradır:
"Ən önəmli məsələ İslamı təhrif edən radikal hərəkatlara qarşı mübarizə aparmaqdır. Bu radikallar İslamı öz siyasi məqsədləri üçün istifadə etməklə, həm müsəlmanların reputasiyasına zərər vurur, həm də İslamofobiyanın genişlənməsinə səbəb olurlar.Nəticə olaraq, İslamofobiya təkcə bir dini və ya mədəni qrupun problemi deyil, bütün beynəlxalq cəmiyyətin üzləşdiyi təhdiddir. Biz bu təhdidlə mübarizə aparmalı, dünyada sülhü və qarşılıqlı anlaşmanı təmin etməliyik".