Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində yanvarın 25-də bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Salehlə görüşüb.
Bu barədə Trend-ə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Azərbaycan parlamentinin sədrini səmimiyyətlə salamlayan Əli bin Saleh Al Saleh bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirərək, bu çərçivədə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Azərbaycan parlamentinin sədrinin Bəhreyn Krallığına ilk rəsmi səfərinin münasibətlərimizin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparmağa imkan verəcəyini vurğulayıb.
Söhbət zamanı xalqlarımızın dost ölkələrimizi birləşdirən ümumi dini və mədəni dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, siyasi təmasların, iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrin inkişafına təkan verəcəyinə inamlarını ifadə ediblər.
Görüşdə ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdikləri vurğulanaraq, bu təşkilatlarda qarşılıqlı dəstək göstərilməsindən razılıq ifadə olunub.
Söhbət zamanı qanunvericilik orqanları arasında əməkdaşlıq
məsələləri nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan və
Bəhreyn qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq
əlaqələri qurulub. Hər iki ölkənin parlament sədrləri səviyyəsində
həyata keçirilən qarşılıqlı səfərlər bu münasibətlərin daha da
dərinləşməsinə töhfə verib.
Spiker Sahibə Qafarova Şura Məclisinin sədri ilə bundan əvvəlki
görüşlərini, həmçinin, Əli bin Saleh Al Salehin Qoşulmama Hərəkatı
Parlament Şəbəkəsinin Manama şəhərində keçirilən konfransında
iştirakını məmnunluqla xatırlayıb. Vurğulanıb ki, Bəhreyn
Parlamenti bu mühüm parlament platformasının bütün konfrans və
parlament tədbirlərində, o cümlədən, təşkilatın rəhbər orqanlarında
təmsil olunur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
