Bakı. Trend:
İnkişafa qoyulan sərmaye qlobal qeyri-sabitliyin qarşısının alınmasında həlledici əhəmiyyət daşıyır.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının beynəlxalq tərəfdaşlıq üzrə ali komissarı Yozef Sikela Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.
Onun sözlərinə görə, inkişaf üçün ayrılan büdcələr azalır, halbuki Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maliyyə çatışmazlığı 4 trilyon ABŞ dolları təşkil edir.
Avrokomissar qeyd edib ki, qlobal inkişaf maliyyələşdirilməsinin ümumi həcmi təxminən 200 milyard dollar səviyyəsindədir və bu məbləğin təxminən 43 faizi, yəni 90 milyard dollardan çoxu Avropanın payına düşür.
Sikela strukturla bağlı iqtisadi problemlərə, xüsusilə Afrikada mövcud vəziyyətə də diqqət çəkib. Onun sözlərinə görə, sənaye istehsalı indeksi Asiyada təxminən 30 faiz, Avropada 15–17 faiz və ABŞ-də 15–16 faiz olduğu halda, burada 2 faizdən aşağı səviyyədə qalır.
“Təkcə Afrikada yaxın beş il ərzində əmək bazarına 50–60 milyon yeni işçi daxil olacaq. Qlobal miqyasda isə inkişaf etməkdə olan ölkələrdə əmək qabiliyyətli yaşa çatan gənc nəsl üçün 1,2 milyard iş yerinə ehtiyac yaranacaq. Əgər biz iş yerlərinin yaradılması üzrə hazırkı trayektoriya ilə hərəkət etməyə davam etsək, növbəti 10–15 il ərzində cəmi 400 milyon iş yeri təmin edə biləcəyik. Yəni tələb olunan sayın yalnız üçdə biri qədər”, – deyə o bildirib.
Bu kəsiri aradan qaldırmaq üçün Avropa komissarı yerli səviyyədə iş yerlərinin yaradılmasına və əlavə dəyərin formalaşdırılmasına yönəlmiş praktik tədbirlərə diqqətin artırılmasına çağırıb.
“Biz həqiqətən nəticə verən məsələlərə – məhz ölkələrin özündə iş yerlərinin yaradılmasına və əlavə dəyərin formalaşdırılmasına daha çox diqqət yetirməliyik”, – deyə o vurğulayıb.
Y.Sikela həmçinin özəl kapitalın səfərbər edilməsinin vacibliyini qeyd edib.
“İkincisi, özəl investisiyaları təşviq etmək lazımdır, çünki dövlət vəsaitləri heç vaxt kifayət etməyəcək. Biz maliyyə alətlərinin kombinasiyası, ölkələrin investisiya cəlbediciliyinin artırılması və müvafiq maliyyə mexanizmləri vasitəsilə risklərin azaldılması yolu ilə inkişaf etməkdə olan ölkələrə özəl investisiyaların genişləndirilməsinə töhfə verə bilərik”, – deyə o bildirib.
Avropa komissarı inkişaf etməkdə olan ölkələrdə daxili gəlir formalaşdırma sistemlərinin gücləndirilməsinin əhəmiyyətini də vurğulayıb.
“Üçüncüsü, onlara öz daxili gəlirlərini səfərbər etməyə kömək etmək lazımdır – vergi islahatları vasitəsilə öz iqtisadiyyatları hesabına daha çox gəlir əldə etmələrinə şərait yaradılmalı, bu isə baza sosial müdafiə sisteminin qurulmasına kömək edəcək”, – deyə o yekunlaşdırıb.
