Trend in xəbər verdiyi kimi, avqustun 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kornegi Fondunda çıxış edəcək.
Xatırladaq ki, avqustun 3-də E.Məmmədyarov Azərbaycanın Ticarət və Mədəni Mərkəzində Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri qarşısında Azərbaycanda aparılan iqtisadi islahatlar barədə çıxış edib.
Səfər çərçivəsində nazir ABŞ-ın dövlət katibi Kondoliza Rays və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənnlə danışıqlar aparıb.
K.Raysla görüşdən sonra jurnalistlər qarşısında çıxış edən E.Məmmədyarov aparılan müzakirələrdən razı qaldığını bildirərək qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması yolunda səylərini artıracağına söz verib. Bu məsələdə Amerika tərəfinin mövqeyi dəyişməzdir. Vaşinqton münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin tərəfdarıdır.
Elmar Məmmədyarov Azərbaycanda demokratiyanın inkişafına dair müzakirələrin aparıldığını və Amerika tərəfinin Azərbaycana bu sahədə daha böyük irəliləyişə nail olmağı arzuladığını vurğulayıb. Bundan başqa, tərəflər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin həyata keçirilməsindən razılıqla söz açıblar.
Azərbaycan Respublikasının xarici işlər nazirinin işgüzar səfəri avqustun 5-də başa çatacaq.