"Rəy" sosioloji mərkəzinin avqust ayında Azərbaycanın 33 yaşayış məntəqəsində keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, rəyi soruşulanların yarısından çoxu respublikada Amerika bazalarının yerləşdirilməsi əleyhinədir. Bu barədə Trend ə "Rəy" mərkəzinin direktoru Rizvan Abbasov məlumat verib.
"Siz Azərbaycanda ABŞ-ın və ya digər dövlətin hərbi bazalarının yaradılması ideyasını dəstəkləyirsinizmi?", sualına respondentlərin 54,3%-i hərbi bazaların yaradılmasının əleyhinə olduğunu, yalnız 20,6% -i bu ideyanın reallaşdırılmasının tərəfdarı olub.
Eyni zamanda, "Siz Azərbaycanın ABŞ-la İran arasındakı münaqişədə iştirakına necə yanaşırsınız?" sualına respondentlərin əksəriyyəti, 58% -i bu məsələyə mənfi yanaşdıqlarını, 11,1% -i isə Azərbaycanın Amerika-İran münaqişəsində itirakını dəstəkləyib. Rəyi soruşulanların demək olar ki1/3 hissəsi - 30,9% -i bu sualı cavablandırmaqda çətinlik çəkib.
Azərbaycanın xaricdəki müttəfiqləri ilə bağlı sualına cavablar müxtəlif olub. "Siz hansı güc mərkəzini Azərbaycanın yaxın müttəfiqi kimi görmək istərdiniz?" sualına rəyi soruşulanların əksəriyyəti (37,4 %-i) onlar ABŞ, Türkiyə, Avropa .lkələrini, Rusiya və İranı eyni vaxtda Azərbaycanın yaxın müttəfiqi kimi görmək istədiklərini bildiriblər. 23,5 % -i müttəfiq kimi Türkiyəni, 20,2 %-i - ABŞ və Avropanı, 18,1 %-i Rusiyanı və respondentlərin yalnız 0,8 % -i İranla əməkdaşlığa üstünlük verib.
Rəy sorğusu 18 və ondan yuxarı yaşda olan respondentlər arasında bilavasitə müsahibə yolu ilə aparılıb.