"MDB ərazisində gizlənən cinayətkarların axtarışı barədə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna məlumat verilmir". Bu barədə Trend ə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəhbəri Mədət Quliyev söyləyib.
M.Quliyevin sözlərinə görə, sentyabrın 5-də parlament seçkilərinə namizədliyi qeydə alınmış eks-prezident Ayaz Mütəllibovun da adı Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun axtarış siyahısında yoxdur.
"Ayaz Mütəllibov MDB ərazisində yaşayır və bu səbəbdən də o, "İnterpol" xətti ilə axtarılmır. Ayaz Mütəllibov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən axtarılır" deyə Mədət Quliyev bildirib.
Qeyd edək ki, eks-spiker Rəsul Quliyevin namizədliyi qeydə alınandan dərhal sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyanat yaysa da, hələlik Ayaz Mütəllibovun namizədliyinin qeydə alınması ilə bağlı həmin qurum münasibət açıqlamayıb.