...

HAVA LİMANINDA SAXLANILMIŞ UKRAYNA, BELARUS, ESTONİYA SİYASƏTÇİLƏRİ MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR

Siyasət Materials 16 Sentyabr 2005 20:42 (UTC +04:00)

Ukrayna, Belarus və Estoniyadan gələn nümayəndələrin Heydər Əliyev adına hava limanında saxlanılması faktı ilə bağlı sentyabrın 16-da Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirilib.

Trend in məlumatına görə, mətbuat konfransında Müsavat başqanı İsa Qəmbərdan başqa Belarus Xalq Cəbhəsinin sədr müavini Aleks Mixayloviç, Ukrayna Radasının deputatı Nikolay Koterençuk, Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri Sergey Taran və Estoniya demokratlarının təmsilçisi Andrey Popov iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 17-də saat 10.00-da Müsavat Partiyasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində "Belarus və Azərbaycan: postsovet məkanında əsaslı dəyişikliklərin ikinci mərhələsi" adlı beynəlxalq konfrans keçiriləcək.

Bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət olunan Ukrayna, Belarus və Estoniyanın demokratik qüvvələrini təmsil edən nümayəndələrdən- Pora Partiyasının rəhbərlərindən biri, Ukrayna xarici işlər nazirinin müşaviri Sergey Yevtuşenko və Estoniya demokratlarının təmsilçisi Andrey Popov sentyabrın 15-də axşam saatlarında heç bir səbəb göstərilmədən H.Əliyev adına Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Beynəlxalq diplomatik korpusların işə qarışmasından sonra A.Popov sərbəst buraxılsa da, Ukrayna rəsmisi Sergey Yevtuşenkonun hüquqları hələ də bərpa edilməyib.

İsa Qəmbər qonaqların Azərbaycana səfərinin məqsədi və hava limanında onlara qarşı həyata keçirilən hərəkətlərlə bağlı açıqlama verib. O, baş vermiş hadisəni Azərbaycan üçün utandırıcı fakt olduğunu deyib.

Belarus Xalq Cəbhəsinin sədr müavini Aleks Mixayloviç insidentlə bağlı fikirlərini bildirib, hava limanında baş verənləri demokratik prinsiplərə və beynəlxalq insan haqlarına zidd addım kimi dəyərləndirib. beynəlxalq təşkilatları, demokratik təsisatları bu kimi hallara beynəlxalq normalar çərçivəsində prinsipial mövqe nümayiş etdirməyə çağırıb.

Rəsmi açıqlamalara görə, saxlanılan Estoniya təmsilçisi Andrey Popovun viza ilə bağlı problemi olduğu söylənilsə də, A. Popov mətbuat konfransında bu versiyanı təkzib edib.

Sənədlərinin qaydasında olduğunu deyən A. Popovun sözlərinə görə sərhəd xidmətində pasportuna baxış keçirilib və bundan sonra o, həmin məntəqədə saxlanılıb. Saxlanılması ilə bağlı rəsmi açıqlama tələb etdikdə isə A. Popova bildiriblər ki, onun məsələsi ilə müvafiq orqanlar məşğul olur.

A.Popov daha sonra deyib ki, Estoniyanın Azərbaycanda səfirliyi olmadığın və ölkəsinin Avropa Birliyinin üzvü olduğu üçün onun azad edilməsi ilə bağlı Böyük Britanya səfirliyinə müraciət olunub. Yalnız sözügedən diplomatik korpusunun işə qarışmasından sonra o, azad edilib.

Beynəlxalq Demokratiya İnstitutunun rəhbəri Sergey Taran baş vermiş hadisəni özbaşınalıq kimi dəyərləndirib: "Biz indi Pora Partiyasının rəhbərlərindən biri, Ukrayna xarici işlər nazirinin müşaviri Sergey Yevtuşenkonun sərbəst buraxılması istiqamətində diplomatik yollarla fəaliyyətimizi davam etdiririk"- deyən S. Taran S. Yevtuşenkonun Ukraynaya deyil, Rusiyaya deportasiya olunacağı ilə bağlı Azərbaycan rəsmilərinin mövqeyini anlamadığını bildirib.

Xəbər lenti

Xəbər lenti