...

ELMAR MƏMMƏDYAROV: ERMƏNİSTANA ETİMAD YALNIZ İŞĞAL OLUNMUŞ ƏRAZİLƏR QAYTARILDIQDAN SONRA BƏRPA OLUNA BİLƏR

Siyasət Materials 19 Sentyabr 2005 12:32 (UTC +04:00)

"Ermənistana olan etimadımız yalnız Azərbaycanın işğal olunmuş əraziləri geri qaytarıldıqdan sonra bərpa oluna bilər və bu, Azərbaycanla mehriban qonşuluq əlaqələrinin bərpası ilə bağlı Ermənistan tərəfinin niyyətidir.

Burada heç bir illüziya olmamalıdır: Azərbaycan heç zaman ərazilərinin itirilməsi ilə barışmayacaq".

Trend in xəbər verdiyi kimi, belə bəyanatla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 18-də BMT Baş Assambleyasının 60-cı sessiyasının ümumi müzakirələrində çıxış edib.

O bildirib ki, Azərbaycan BMT-yə daxil olandan sonra bu təşkilat Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad oluunması məqsədilə fəal işə başlayıb.

ATƏT-in nizamlanma prosesinə bilavasitə cəlb olunmasına baxmayaraq, 822, 853, 874 və 884-cü qətnamələri ilə işğal olunmuş ərazilərlə bağlı öz münasibətini bildirən BMT Təhlükəsizlik Şurasının reaksiyası hələ də münaqişənin nizamlanmasına ümid etməyə əsas verir.

Bu qətnamələrdə TŞ tərəfindən yekdilliklə qəbul olunmuş prinsiplər münaqişənin nizamlanması üçün əsas olub.

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" bəndin BMT-nin Təhlükəsizlik Şurasının keçən ilki sessiyasının gündəliyinə daxil edilməsi Ermənistanın işğal olunmuş ərazilərdə apardığı əməliyyatlardan irəli gələn təhlükəyə diqqətin cəlb olunmasında böyük rol oynayıb.

"Azərbaycan hökuməti beynəlxalq hüquq, BMT TŞ-nin, həmçinin, AŞ-nin müvafiq qətnamələrinin, ATƏT-in sənəd və qərarlarının icra normalarına əməl etməklə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Rəsmi Bakı ümidvardır ki, Ermənistan tərəfi konstruktiv mövqe tutacaq və əlverişli anı əldən verməyəcək", - deyə nazir bəyan edib.

Bu addımlar Ermənistanın üzərindən "təcavüzkar "damğasını silə və hər iki tərəf üçün münaqişənin nizamlanmasına şərait yarada bilər", - deyə E.Məmmədyarov qeyd edib.

Daha sonra nazir vurğulayıb ki, Azərbaycan tərəfi Dağlıq Qarabağın erməni icmasının təhlükəsizliyini təmin etməyə hazırdır.

"Regionun statusuna gəldikdə, azərbaycanlıların Dağlıq Qarabağa və işğal olunmuş digər ərazilərə qaytarılması və normal həyat şəraitinin təmin olunması, o cümlədən, regionun hər iki icmasının iqtisadi inkişafı ilə bağlı tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmaq lazımdır", - deyə diplomat bildirib.

Razılığın əldə olunduğu təqdirdə, onun gələcəkdə icrası üçün siyasi və hüquqi zəmanətlər verilməlidir.

Bunun üçün beynəlxalq ictimaiyyətin dəstəyi, xüsusilə, regiona sülhməramlı qüvvələrin göndərilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası, həmçinin, Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunması və yerli polis qüvvələrinin yaradılması vacibdir.

Münaqişənin nizamlanmasının növbəti variantı Dağlıq Qarabağın erməni icması və Ermənistan, həmçinin, Naxçıvan MR və Azərbaycanın digər əraziləri arasında əlaqənin yaradılmasıdır.

"Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün (26 avqust 2005-ci il) yekunları ilə bağlı onu deyə bilərəm ki, münaqişənin sülh yolu ilə nizamlanması şansı var və Praqa razılaşmaları üzrə danışıqlar davam etdirilə bilər", - deyə E.Məmmədyarov bəyan edib.

Nazir Bakıya sentyabrın 20-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti