...

MSK keçmiş Sovet pasportlarının səsvermədə istifadəsinə dair qərar çıxardı

Siyasət Materials 1 Noyabr 2005 18:33 (UTC +04:00)

Noyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir neçə Təlimat təsdiq olunub, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, şikayətlərə baxılıb və başqa qərarlar qəbul edilib.

Əvvəlcə MSK-nın 29 sentyabr, 5, 8 və 11 oktyabr 2005-ci il tarixli iclas protokolları səsə qoyularaq təsdiqlənib. Sonra "Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında şikayət və müraciətlərə baxılması qaydalarına dair Təlmat" müzakirəyə çıxarılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, bu Təlimat Avropa Şurası Venesiya Komissiyasının eksperti ilə birgə hazırlanıb və beynəlxalq standartlara, həmçinin, Seçki Məcəlləsinə uyğundur. Seçicilər bu Təlimatın onlara verdiyi hüquqdan istifadə edərək aşağı seçki komissiyalarından yuxarı komissiyalara şikayət edə bilərlər. Həmin şikayət qeydə alındıqdan sonra Komissiya sədri ərizədən irəli gələn tələbləri komissiyanın səlahiyyətli şəxsləri arasında bölüşdürür və onlar bu şikayəti araşdırırlar. MSK-nın digər katibi Vidadi Mahmudov Təlimata dair bir sıra təkliflərini irəli sürüb. Müzakirələrdən sonra seçki komissiyalarına daxil olmuş müraciətlərə baxılması haqqında Təlimat təsdiq edilib.

Sonra seçicilərin səsvermədə istifadə etdikləri şəxsiyyət vəsiqələri siyahısına əlavələr olunması məsələsi müzakirəyə çıxarılıb. V.Mahmudov bildirib ki, bir neçə ay əvvəl ölkə vətəndaşlarının cəmi 40-50 faizinin şəxsiyyət vəsiqəsi var idisə, indi 90 faizdən çox vətəndaş şəxsiyyəti təsdiq edən vəsiqə ilə təmin olunub. Buna baxmayaraq səs vermək vətəndaşların Konstitusion hüququ olduğundan, bir nəfərin belə vəsiqəsinin olmaması üzündən səsvermədən kənarda qalırosa, MSK tədbirlər görməlidir. Bunu nəzərə alaraq V.Mahmudov köhnə sovet pasportlarından da səsvermədə istifadə olunmasını təklif edib. Təklif səsə qoyulub və qəbul edilib. Azərbaycan vətəndaşlarının keçmiş SSRİ pasportları və forma-9 sənədi səsvermədə istifadə olunan vəsiqələr siyahısına əlavə olunub.

Xəbər lenti

Xəbər lenti