...

Kəmaləddin Heydərov: "Yaxın gələcəkdə 12 ölkə ilə gömrük sahəsində əməkdaşlığa dair sazişin imzalanacağı gözlənilir"

Siyasət Materials 23 Noyabr 2005 14:24 (UTC +04:00)
Kəmaləddin Heydərov: "Yaxın gələcəkdə 12 ölkə ilə gömrük sahəsində əməkdaşlığa dair sazişin imzalanacağı gözlənilir"

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun Trend ə eksklüziv müsahibəsi

- 2005-ci ilin 9 ayı ərzində Dövlət Gömrük Komitəsi büdcəyə hansı həcmdə vəsait ödəyib?

- Görülən işlər və həyata keçirilən tədbirlər nəticəsində 2005-ci ilin 9 ayı üzrə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 1 trilyon 238,5 milyard manat büdcə proqnozuna qarşı 1 trilyon 334,6 milyard manat gömrük vergi və rüsumlarının toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Büdcə proqnozu 107,8 faiz yerinə yetirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 386,8 milyard manat və ya 40,8 faiz çoxdur.

- Cari ildə dövlət büdcəsinə yenidən baxılması nəticəsində DGK xətti ilə büdcə ayrılmalarının proqnoz göstəricisi artıb. Sizcə, yeni proqnozların yerinə yetirilməsi realdırmı? 2006-cı ildə DGK xətti ilə proqnozlaşdırılan büdcə ayrılmalarının həcmi nə qədər təşkil edəcək və hansı mənbələr hesabına həyata keçiriləcək?

- 2006-ci ildə Dövlət Gömrük Komitəsi üçün Azərbaycanın yeni manatı ilə 480 milyon manat büdcə proqnozu müəyyənləşdirilib ki, bu da ötən ilin göstəricisindən 130 milyon manat və ya 37,3 faiz çoxdur. DGK bu proqnozları idxalın həcminin büdcə gəlirləri üzrə (14,3 faiz) müəyyən edilmiş artımı, hökumət tərəfindən gömrük vergi və rüsumları üzrə azadolmaların bir qədər məhdudlaşdırılması, habelə gömrüyün öz daxilində maliyyə-qiymət intizamının möhkəmləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi və beynəlxalq təcrübədə nəzərdə tutulan digər zəruri tədbirlərin həyata keçirilməsi hesabına yerinə yetirilməsini təmin edəcək.

- Cari ildə DGK gömrük rüsumlarının avtomatlaşdırılmış ödəmə sisteminə keçir. Sizcə, bu addım nə dərəcədə məqsədəuyğundur və bu layihənin tam həyata keçirilməsinə nə qədər vaxt tələb olunacaq?

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Milli Bankı, Dövlət Statitistika Komitəsi, İqtisadi İnkişaf və Vergilər Nazirlikləri arasında "on-line" rejimində işləyən İnformasiya şəbəkəsinin yaradılmasını məqsədəuyğun hesab edir. Vahid informasiya şəbəkəsinin yaradılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında aparılmalıdır.

- Azərbaycan artıq bir çox ölkələrlə gömrük sahəsində əməkdaşlığa dair saziş imzalayıb. Perspektivdə daha hansı ölkələrlə belə sənədlərin imzalanması nəzərdə tutulub?

- Yaxın gələcəkdə Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası, Slovakiya, Moldaviya, İndoneziya, ABŞ, Kanada, Sloveniya, Finlandiya, Misir Ərəb Respublikası, Yaponiya, Tacikistan və Hindistan arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlərin imzalanması gözlənilir.

- Bu yaxınlarda siz WEB texnologiyalarını tətbiq etməklə xarici ölkələrin mərkəzi gömrük orqanları arasında informasiya mübadiləsinin təşkil olunması barədə bildirmisiniz. Bu istiqamətdə hansı işlər görülüb?

- İnkişaf etmiş ölkələrdə Web-texnologiyalarından geniş istifadə olunur. Bu sahədə Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən işlər görülür. Hazırda Asiya İnkişaf Bankının dəstəyi ilə Asiya ölkələri, Çin, Monqolustan və Azərbaycan arasında Web-texnologiyalarının tətbiqi məqsədilə informasiya mübadiləsinin təşkilinin hüquqi əsasını yaradan Razılaşma və göstərilən ölkələr arasında vahid informasiya bazasının yaradılması məqsədilə Konvensiya müzakirə olunur.

- 2005-ci ildə imzalanmış memoranduma əsasən, BMT-nin İnkişaf Proqramı ilə birlikdə həyata keçirilən "Gömrük komitəsinin potensialının artırılması və informasiya ötürücü şəbəkələrinin yaradılması" layihəsinin 3-cü mərhələsinin müddəti uzadılıb. Bu mərhələnin həyata keçirilməsi üçün nə qədər vaxt tələb olunur? "Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi" layihəsinin həyata keçirilməsi və müvafiq proqram təminatının yaradılması hazırda hansı mərhələdədir? Bu proseslərin nə zaman başa çatacağı planlaşdırılır?

- Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı ilə Dövlət Gömrük Komitəsi arasında imzalanmış Memoranduma uyğun olaraq "Dövlət Gömrük komitəsinin potensialının artırılması və informasiya şəbəkəsinin yaradılması" layihəsinin 3-cü mərhələsinin müddəti 2006-cı ilə qədər üzadılıb. 2005-ci ilin 9 ayında "Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi" (GRNAS) 1 gömrük idarəsində və 2 gömrük postunda faktiki olaraq, 26 gömrük orqanında isə eksperimental qaydada tətbiq olunur. Cari ilin axırına qədər Azərbaycan Respublikası gömrük xidmətində gömrük rəsmiləşdirilməsinin avtomatlaşdırılmasının başa çatdırılacağı gözlənilir.

Layihə çərçivəsində "Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi"nin yaradılması planlaşdırılıb. 2005-ci ilin 9 ayı ərzində Risklərin avtomatlaşdırılmış idarəetmə sistemi"nin (RAIS) yaradılma Konsepsiyasının layihəsi tərtib olunub; RAIS -in funksional strukturu və məlumat bazasının tərkibi müəyyən edilib; riskləri təsvir edən ilkin məlumatın forması hazırlanıb; riskləri qiymətləndirmə prinsipi yaradılıb və onun əsasında gömrük nəzarət formalarının seçilməsi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti