ATƏT-in Bakı ofisi "Qəzetlərin 2001-ci il 31 dekabr tarixinədək "Azərbaycan" nəşriyyatına olan borclarının ödənilməsi" haqqında prezident İlham Əliyevin sərəncamını təqdir edib. Trend in xəbər verdiyi kimi, bununla əlaqədar ofisin rəhbəri, səfir Maurisio Pavesinin bəyanatında deyilir ki, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının (təxminən 350 min avro) dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müstəqil mətbuatın inkişafına göstərilən dövlət qayğısının daha bir təzahürüdür.
"Mən Azərbaycan prezidentinin ölkənin müstəqil mətbuatının möhkəmlənməsinə yönəlmiş bu təşəbbüsünü təqdir edirəm", - deyə o qeyd edib. Səfir onu da vurğulayıb ki, mətbuatın iqtisadi müstəqilliyi demokratiyanın həqiqi göstəricisi və təkanverici amilidir.
M.Pavesi, həmçinin, ölkədə sağlam informasiya bazasının yaradılması məqsədilə Azərbaycan rəhbərliyinin atdığı addımları yüksək qiymətləndirib. "Bizim ofis bu işdə maraqlı olan tərəfləri səylərini müstəqil mətbuatın inkişafı yolunda mövcud maneələri aradan qaldırmağa yönəltməyə dəvət edir", - deyə o bildirib.