...

Azərbaycanla İran arasında məhkumlar dəyişdirilib

Siyasət Materials 3 Mart 2006 14:38 (UTC +04:00)

Martın 3-də Astara ilə İran sərhədində məhkumlar dəyişdirilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rafiq Ramazanov məlumat verib.

R.Ramazanovun sözlərinə görə, Azərbaycanda cəza çəkən İran İslam Respublikasının (İİR) 18 vətəndaşı öz ölkəsinə verilib. Əvəzində isə həmin ölkədə cəza çəkən 1 azərbaycanlı məhkum cəzasının qalan hissəsini vətəndaşı olduğu ölkədə çəkmək üçün Azərbaycana qaytarılıb.

R.Ramazanov bildirib ki, Azərbaycan məhkumun cəza çəkməsi üçün vətəndaşı olduğu ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyanın üzvüdür. Həmin Konvensiyaya uyğun olaraq İİR Ədliyyə Nazirliyi 20-yə yaxın məhkumun cəzasının qalan hissəsini öz vətənində çəkməsi ilə əlaqədar Azərbaycanın Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldırıb. Həmin vəsatətə uyğun olaraq məhkumların ölkələrinə verilməsi hər iki ölkə arasında razılaşdırılıb. Məhkumların dəyişdirilməsi də həmin konvensiyaya uyğun olaraq həyata keçirilib.

"Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən cəzaçəkmə müəssisələrimizdə cəza çəkən məhkumların vəziyyəti ilə tanış olmaq üçün mütəmadi müraciətlər daxil olur. Bununla bağlı onlara yüksək səviyyədə şərait yaradırıq, bu şəxslər öz məhkumlarının saxlanma şəraiti ilə tanış olurlar" - deyə R.Ramazanov bildirib.

R.Ramazanov onu da qeyd edib ki, Azərbaycanın hüquqi müqavilə bağladığı ölkələrdən biri də Rusiya Federasiyasıdır. Rusiya ərazisində həbs olunmuş 28 azərbaycanlı həmin müqaviləyə əsasən, fevral ayının sonunda cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana gətirilib. "Həmin məhkumlardan 14-ü barəsində Rusiya məhkəmələrinin hökmü var. Həmin şəxslər Rusiya ərazisində cinayət törədiblər və cəzalarını Azərbaycanda çəkmək üçün gətiriliblər. 14 nəfərsə istintaq altında olan şəxslərdir və onlar Azərbaycan ərazisində cinayət törədərək Rusiyada gizləniblər.

Məhkumların cəzalarının qalan hissəsinin vətəndaşları olduqları dövlətdə çəkməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyinə ayrı-ayrı ölkələrdən 250-dən artıq müraciət daxil olub. Həmin müraciətlərin bir qismi öz həllini tapıb, bir qismi isə hazırda baxılma mərhələsindədir. Hazırda ölkəmizdə 380-nə yaxın əcnəbi vətəndaş cəza çəkir.

Xəbər lenti

Xəbər lenti