...

Baş Prokurorluğun "Azpetrol"un xərclədiyi 300 milyon dolların taleyini araşdırmaq səlahiyyəti yoxdur

Siyasət Materials 15 Mart 2006 14:33 (UTC +04:00)

Baş Prokurorluğun "Azpetrol"un keçmiş fəaliyyəti dövründə naməlum səbəblərə xərclənmiş 300 milyon dolların taleyini araşdırmaq səlahiyyəti yoxdur. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Baş prokurorunun müavini Eldar Nuriyev məlumat verib.

E.Nuriyev bildirib ki, qanunuericiliyin tələblərinə görə, prokurorluq hər hansı şirkətin maliyyə məsələlərinə qarışmır. "Bu məsələləri araşdırmaq prokurorluq orqanının səlahiyyətinə aid deyil. Prokurorluq yalnız cinayət xarakterli hallar ortaya çıxanda araşdırmalar apara bilər. Bu nöqteyi-nəzərdən "Azpetrol" Şirkətlər Qrupun tərəfindən 300 milyon ABŞ dollarının hansı məqsəd üçün xərclənməsi bizim səlahiyyətimizdən kənardır. Bu əməliyyatlarda cinayət xarakterli hallar müəyyən olunarsa, sözsuz ki, həmin faktları prokurorluq araşdırmalıdır və təqsirli şəxsləri müəyyən etməlidir. Əgər bu, şirkətin təşkilati-təsərrüfat işləri ilə bağlıdırsa, o zaman məsələyə mülki mühakimə icrası qaydasında - yəni məhkəmədə baxılmalıdır - deyə E.Nuriyev söyləyib.

E.Nuriyevin sözlərinə görə, "Azpetrol" Şirkətlər Qrupu ilə bağlı cinayət işi olduqca genişhəcmli və çoxepizodludur. Belə ki, istintaqda onlarla ekspertizalar, çoxsaylı üzləşdirmələr keçirilməli, yüzlərlə şəxslər dindirilməlidir. "Mən əminəm ki, istintaq sona qədər obyektiv, tam hərtərəfli aparılacaq, təqsirli şəxslərin dairəsi müəyyən olunandan sonra onların məsuliyyət məsələsi həll ediləcək" - deyə E.Nuriyev bildirib.

Xəbər lenti

Xəbər lenti