...

Əbülfəz Qarayev: "Biz Azərbaycanın mədəni dəyərlərinin mühafizəsi məsələsində sərt mövqe tutmaq niyyətindəyik

Siyasət Materials 24 Mart 2006 16:46 (UTC +04:00)
Əbülfəz Qarayev: "Biz Azərbaycanın mədəni dəyərlərinin mühafizəsi məsələsində sərt mövqe tutmaq niyyətindəyik

Yaxın vaxtlarda yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin strukturu və əsasnaməsi təsdiqlənəcək. Trend in xəbər verdiyi kimi, bu barədə martın 24-də keçirilmiş mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Nazirin sözlərinə görə, nazirliyin əsasnaməsi və strukturunun layihəsi bütün distansiyalardan keçib və baxılmaq üçün prezidentin icra aparatına təqdim edilib. Ə.Qarayev qeyd edib ki, nazirliyin funksiyalarının genişləndirilməsi, həmçinin, musiqi, təsviri incəsənət və memarlıq kimi bir sıra yeni sektorların yaradılması nəzərdə tutulur. Yeni Əsasnamə artıq əsas istiqamətləri müəyyənləşdirilmiş nazirliyin daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.

O bildirib ki, nazirlikdə xüsusi işçi qrupu yaradılıb və bu qrup mədəniyyətin inkişaf konsepsiyasının yeni strategiyasının işlənib hazırlanması üzərində işə başlayıb. Nazir bu sahədə həm də qanunvericiliyin təkmilləşdirilməsinin vacib olması qənaətindədir. Bu məqsədlə ölkə parlamentinə bir sıra qanunlara düzəliş və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər göndərilib.

Ə.Qarayev hesab edir ki, nazirliyin qarşısında duran əsas vəzifələrdən biri də kino sahəsinin inkişafı, xüsusilə yaxın 2-3 il ərzində kinoteatrların fəaliyyətinin bərpasından ibarətdir. Bundan başqa nazirlik muzeylərin, kitabxanaların və mədəniyyətin digər mühüm sahələrinin fəaliyyətinin inkişaf konsepsiyasını hazırlayıb.

"Nazirlik Azərbaycanın mədəni dəyərlərinin mühafizəsi məsələsində sərt mövqe tutmaq niyyətindədir, - deyə o qeyd edib.

Ermitaj direktorunun bəyanatına gəlincə, nazir bəyan edib ki, bu bəyanatları Rusiyanın elmi və mədəni ictimaiyyətinin mövqeyi hesab etmir, bu sözlər yalnız Ermitaj direktorunun tarixi və qohumluq köklərini təsdiqləyir. "Biz Ermitaj rəhbərliyinin rəsmi cavabını gözləmirik, əksinə, daha ədalətli və məsuliyyətli mövqe tutmasını tövsiyə edirik", - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti