"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır - ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır".
Trend in xəbər verdiyi kimi, bu barədə martın 27-də Azərbaycan prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında Heydər Əliyev muzeyi və heykəlinin açılışı, o cümlədən döyüş bayrağının təqdim olunma mərasimində bəyan edib.
Azərbaycan əvvəlki kimi sülh danışıqlarının aparılmasının tərəfdarıdır, ancaq təəssüflər olsun ki, hələlik heç bir nəticə yoxdur. "Bu halda biz öz siyasətimizdə müəyyən dəyişikliklər etməliyik", - dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, sülh danışıqlarının potensialı tükənməyib. Ancaq Ermənistanın Fransa görüşünü pozması bu ölkənin qeyri-konstruktiv mövqeyindən xəbər verir. "Belə təəssürat yaranır ki, danışıqlar prosesinin vaxtı uzadılır. Ermənistan bilməlidir ki, biz istənilən vaxt bu məsələni hərbi yolla həll etməyə qadirik",- deyə İ.Əliyev vurğulayıb.
O bildirib ki, hər il Azərbaycan müdafiə sahəsinə xərcləri artırır və bu, gələcəkdə də davam etdiriləcək. "Müdafiə sahəsinə xərcləri artırmaq hər bir ölkənin suveren hüququdur. Bu, müstəqilliyi pozulmuş və silahlı münaqişə şəraitində olan ölkədə gedən təbii prosesdir", - deyə dövlət başçısı qeyd edib.