2006-cı ilin mayından başlayaraq ölkə bələdiyyələrinin rəhbər və üzvlərinin iştirakı ilə Azərbaycanın bələdiyyə nümayəndələri üçün regional informasiya görüşlərinin keçirilməsinə başlanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 6-da Azərbaycan Milli Bələdiyyələr Assosiasiyasının yaradılması üzrə işçi qrupunun 3-cü görüşündə AŞ-nin yerli və regional özünüidarəetmə orqanları Konqresinin layihə direktoru Karolin Martin bildirib.
"Bu görüşlər Konqres tərəfindən fəal dəstəklənəcək", - deyə o qeyd edib. Layihə direktoru vurğulayıb ki, beynəlxalq təcrübə ilə tanış olmaq üçün yerli özünüidarəetmə orqanları üçün xaricə səfərlər, həmçinin, televiziya görüşləri təşkil olunacaq.
Beynəlxalq qurumların bu layihəyə marağına gəlincə, K.Martin qeyd edib ki, MBA layihəsinin donor təşkilatlarıın fevralın 10-da Bakıda keçirilmiş toplantısında AŞ ekspertləri və Norveçin Bakıdakı səfiri Steynar Gillə yanaşı, ATƏT, İFES, "Avrasiya" Fondu, Açıq Cəmiyyət İnstitutu, Asiya İnkişaf Bankı, UNDP, OXAM nümayəndələri də iştirak edib.
Onun sözlərinə görə, MBA-nın yaradılması layihəsinin həyata keçirilməsinin növbəti mərhələlərində digər beynəlxalq qurumların dəstəyinə daha çox ehtiyac olacaq. "Ola bilsin ki, beynəlxalq təşkilatlar layihənin ayrı-ayrı hissələrini dəstəkləyəcək", - deyə K.Martin sonda bildirib.