Biz inanırıq ki, Azərbaycanda qarşıdan gələn təkrar parlament seçkiləri yüksək səviyyədə və Avropa Şurasının standartlarına müvafiq keçiriləcək. Trend in müxbirinin verdiyi məlumata görə, bu barədə aprelin 11-də Strasburqda azərbaycanlı jurnalistlərlə söhbətində Avropa Şurasının Venesiya Komissiyasının (VK) katibi Canni Bukikkio bəyan edib.
Onun sözlərinə görə, yaz sessiyasının başlanması ərəfəsində keçirilən VK ilə Azərbaycanın nümayəndələrinin görüşü zamanı tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
"Bildiyiniz kimi, biz Azərbaycanın Seçki Məcəlləsində dəyişikliklər üzərində iş aparmışıq. Lakin bəzi təkliflər hələ də nəzərə alınmayıb. Bu kontekstdə seçkilərin beynəlxalq standartlara müvafiq keçirilməsinə imkan verməsi ilə bağlı məcəllənin təkmilləşdirilməsi yolları üzrə fikir mübadiləsi aparılıb", -deyə C. Bukikkio bildirib.
"Biz ümid edirik ki, Azərbaycanda mayın 13-də keçiriləcək səsvermə respublikada demokratik seçkilərin keçirilməsində bir addım olacaq və bu kontekstdə biz Bakının nümayəndələri ilə ciddi işlər həyata keçiririk", -deyə C. Bukikkio bildirib.
"Mən noyabr seçkiləri ərəfəsində Bakıda olmuşam və hökumət nümayəndələri və şəxsən prezident İlham Əliyevlə görüşmüşəm" -deyə VK katibi onun Bakıya növbəti səfərinin 2006-cı ilin ikinci yarısında baş tutacağının mümkünlüyünü bildirib. "Səfər noyabrda baş tuta bilər. Lakin bu, hələlik dəqiq deyil",- deyə C. Bukikkio qeyd edib.