"Bakıya üç günlük səfərim çərçivəsində terrorçuluq, insan alveri və malların qanunsuz daşınması ilə bağlı məsələlər müzakirə olunacaq". Trend in TRT telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Bakıya gəlişi zamanı Türkiyənin daxili işlər naziri Əbdülqədir Aksu məlumat verib.
Onun sözlərinə görə, bu səfər Türkiyə və Azərbaycan arasında təhlükəsizlik haqqında beynəlxalq müqavilə çərçivəsində hazırlanıb.
"Türkiyə və Azərbaycan arasında təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlıq qarşıda da inkişaf etdiriləcək", - deyə nazir qeyd edib.
O, həmçinin, bildirib ki, Bakıda danışıqlar zamanı bir sıra regional məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Ə.Aksunun səfər proqramına aprelin 19-da Fəxri və Şəhidlər Xiyabanlarına, o cümlədən ölkənin daxili qoşun hissələrinə baş çəkmək və azərbaycanlı həmkarı Ramil Usubovla görüş daxildir.
Qeyd edək ki, Türkiyənin daxili işlər nazirinin Azərbaycana səfəri aprelin 21-də başa çatacaq.