Gələn ilin ortalarınadək Azərbaycanda bütün çadır şəhərcikləri ləğv ediləcək. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 24-də Nazirlər Kabinetində keçirilmiş müşavirədə Azərbaycan hökuməti baş nazirinin müavini, qaçqın və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.
Bu gün Nazirlər Kabinetində məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması layihəsi müzakirəyə çıxarılıb. Bu qəsəbələrə müvəqqəti olaraq Saatlı və Sabirabad rayonlarındakı çadır şəhərciklərində, o cümlədən İmişli rayonu ərazisində dəmiryol vaqonlarında məskunlaşmış 4179 məcburi köçkün ailəsi köçürüləcək.
"Bizim məqsədimiz gələn ilin ortalarınadək bütün işləri başa çatdırmaq üçün bu il mayın sonunda tikinti işlərinə başlamaqdır", - deyə Əli Həsənov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Fizuli, Biləsuvar, Ağdam və Sabirabadda 13 qəsəbə inşa ediləcək. "Bütün qəsəbələr enerji ötürücü, yol və digər infrastrukturlarla yüksək səviyyədə təchiz olunacaq, burada orta məktəblər, uşaq bağçaları, tibb müəssisələri, inzibati binalar və digər obyektlər fəaliyyət göstərəcək.
Dövlət Komitəsinin sədri qeyd edib ki, hazırda Azərbaycan qarşısında Fizuli rayonunda kiçik ərazinin minalardan təmizlənməsi ilə bağlı problem durur. Onun sözlərinə görə, bu məsələ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə razılaşdırılır.