Azərbaycanda "quş qripi" ilə əlaqədar 630 min baş toyuq məhv edilib. Bu barədə aprelin 24-də keçirilmiş mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.
Araşdırmaların nəticələrinə görə, məhv edilmiş quşlardan təkcə 50 min baş özəl təsərrüfatların, yerdə qalan isə broyler müəssisələrinin payına düşür. "Quş qripi" virusunun daha geniş yayıldığı Xızı, Giləzi və Biləsuvardakı broyler müəssisələrində quşlar kütləvi surətdə məhv edilib.
A.Vəliyevin sözlərinə görə, bu, yumurta istehsalında da öz təsirini göstərib. Birinci rübün yekunlarına görə, yumurta istehsalı 8,7% azalıb və 203,6 mln ədəd təşkil edib.