Aprelin 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) təkrar parlament seçkilərinin keçiriləcəyi seçki dairələrinin dairə seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzvləri üçün seminar keçirilib. Trend in məlumatına görə, seminarda MSK katibliyinin şöbə müdirləri, MSK üzvləri, Dairə Seçki Komissiyalarının (DSK) sədrləri, səsvermənin yekunlarına dair protokolların tərtibatına məsul olan məntəqə seçki komissiyası üzvləri iştirak ediblər.
Seminarı MSK sədri Məzahir Pənahov açıb, 13 mayda 10 dairə üzrə keçiriləcək təkrar parlament seçkilərinə hazırlıq işləri barədə danışıb. Sonra MSK katibi Natiq Məmmədov "Dairə və məntəqə seçki komissiyalarında səsvermənin yekunlarına dair protokolların tərtibatı qaydaları" mövzusunda məruzə edib. MSK üzvü İlham Məmmədov isə seçki gününə hazırlıq və seçkilərin keçirilməsi haqqında məruzə edib. Sonra dairə və məntəqə seçki komissiyaları üzvlərinin sualları cavablandırılıb.