...

Nazim İbrahimov: "Amerikada Azərbaycan diasporunun tam birliyinə nail olacağıq"

Siyasət Materials 10 May 2006 14:07 (UTC +04:00)
Nazim İbrahimov: "Amerikada Azərbaycan diasporunun tam birliyinə nail olacağıq"

ABŞ-da səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Trend agentliyinə müsahibə verib

- Nazim müəllim, ABŞ-a səfərinizdə əsas məqsəd nədən ibarət idi?

- Amerika Yəhudiləri Komitəsinin 100 illik yubileyi ilə əlaqədar ABŞ-da keçirilən irimiqyaslı tədbirlərdə iştirak üçün ABŞ-a dəvət olundum. Amma səfərin əvvəlində bir neçə gün Nyu-York şəhərində oldum, sonra mayın 3-də Vaşinqtona gəldim. Bu gün isə səfərim başa çatacaq və Bakıya qayıdacam.
Nyu-Yorkda olarkən bu şəhərdə yaşayıb fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirdim. Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda ABŞ-a səfəri zamanı buradakı Azərbaycan diasporu ilə görüşlərində bir sıra mühüm tapşırıqlar verib, onların qarşısına vəzifələr qoyub. Biz də bu tapşırıqların həyata keçirilməsi ilə bağlı müzakirələr apardıq. ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyəti, gələcəkdə hansı addımlar atması, perspektivdə dayanan məsələlər barədə müzakirələr apardıq. Həmçinin Amerikadakı türk icması, "Kadek" adlı Amerika Türk Federasiyasının nümayəndələri ilə görüşdüm. Azərbaycan və türk diasporları arasında əməkdaşlıq məsələləri haqda fikir mübadiləsi apardıq. Bu diasporlar arasında birliyin daha da möhkəmlənməsi üçün görülməsi zəruri olan işlər barədə düşüncələrimizi bildirdik.
Bundan sonra Vaşinqtona yola düşdüm və Amerika Yəhudi Komitəsinin 100 illik yubileyi münasibəti ilə paytaxtda keçirilən təntənəli mərasimdə iştirak etdim. Ümumiyyətlə bu yubiley münasibəti ilə ABŞ-da bir çox silsilə tədbirlər təşkil olunmuşdu. Onlardan ən mötəbəri və geniş miqyaslısı mayın 4-də Vaşinqtoqnda keçirilən mərasim oldu. Bir çox ölkələrin nazirlərinin, yüksək səviyyəli qonaqların qatıldığı həmin mərasimdə ABŞ prezidenti Corc Buş çıxış etdi, həmçinin Almaniyanın kansleri Angela Merkel, BMT-nin baş katibi Kofi Annan nitq söylədilər. Bir çox ölkələrin baş nazirlərinin və digər rəhbər şəxslərin təbrikləri oxundu. Azərbaycandan isə rəsmi şəxs kimi mən və ölkəmizdəki yəhudi icmasının rəhbəri Semyon İxilov iştirak edirdi.

- Bu mərasimin Azərbaycan üçün nə kimi əhəmiyyəti oldu?

- Əvvəla onu deyim ki, bu, çox böyük bir tədbir idi və mərasim yüksək səviyyədə keçdi. Son zamanlar Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf edərək indiki strateji əməkdaşlıq səviyyəsinə gəlib çatması bu tədbirdə də özünü göstərirdi. Həmin mötəbər mərasimdə təşkilatçılar çox böyük fəxrlə qeyd etdilər ki, tədbirdə Azərbaycandan da qonaqlar iştirak edir. Azərbaycanın adının xüsusi qeyd olunması bizim üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan və yəhudi diasporları arasında əlaqələr də bizim üçün çox böyük önəm daşıyır. Ümumiyyətlə, Amerika Yəhudiləri Komitəsinin 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirakım məndə bu qənaəti yaradıb ki, biz azərbaycanlılar yəhudi diasporunun təcrübəsindən çox yararlana bilərik. Nəinki yararlana bilərik, hesab edirəm ki, buna çox ciddi məsələ kimi baxmalı və mütləq yararlanmalıyıq. Yəhudilər bu işdə bizə yardımçı olmağa hazırdırlar. Bunu görüşlərimizdə özləri də bildirirdilər.

- Azərbaycan diasporu ilə əməkdaşlıq edilməsi başqa millətlərin nümayəndələri üçün maraqlı görünürmü?

- Bəli, mən deyərdim ki, müxtəlif diasporların bir-biri ilə əməkdaşlığı qarşılıqlı şəkildə maraq doğuran məsələlərdir. Həm də Azərbaycanın dünyada nüfuzunun artması, mövqeyinin güclənməsi bunu deməyə əsas verir. Bildiyiniz kimi, Azərbaycanın prezidenti İlham Əliyevin aprelin 27-dən 29-dək ABŞ-da rəsmi səfərdə oldu, yüksək səviyyəli mühüm görüşlər keçirdi. Prezident Azərbaycan diasporunun nümayəndələri ilə də görüşdü. Mənim ABŞ-da səfərim zamanı demək olar ki, bütün görüşlərimizdə və tədbirlərdə Azərbaycan prezidentinin bu ölkəyə səfəri barədə danışılır, hər kəs bu barədə öz təəssüratlarını bölüşür. Bu görüşlərdə hamı Azərbaycanın həqiqətən də çox xoşbəxt gələcəyinin olduğunu bildirir, ölkəmizin sürətlə inkişafına, perspektivlərinə inamını dilə gətirir.

- Vaşinqtonda Azərbaycan diasporunun nümayıəndələri ilə də görüşləriniz oldumu?

- Bəli, Amerika Yəhudi Komitəsinin 100 illiyi münasibəti ilə keçirilən tədbirdən sonra Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərim oldu. Azərbaycan prezidentinin ABŞ-a səfəri, bu ölkədə yaşayan həmvətənlərimizlə keçirdiyi görüş, ümummilli məsələlərimizlə bağlı onların diqqətinə çatdırdığı tövsiyələr barədə danışdıq. Bundan başqa həmçinin Azərbaycan-yəhudi diasporunun birgə təşkil etdiyi tədbirdə də iştirak etdim. Bu toplantıda diasporlararası əməkdaşlıq məsələləri, əlaqələrin gələcək perspektivi barədə müzakirələr aparıldı. Əməkdaşlığın davamlı olması üçün birgə yollar axtardıq.
Həm İlham Əliyevin ABŞ səfərindən sonra qarşımıza qoyulan vəzifələrdən, həm də ABŞ-da keçirdiyim görüşlərdən gəldiyim qənaət bunu deməyə əsas verir ki, biz Amerikada Azərbaycan diasporunun tam birliyinə nail olacağıq. Artıq ümumi bir fikir də formalaşıb ki, Amerikada diaspor təşkilatlarımızın vahid bir Assambleyasının yaradılmasının vaxtı gəlib çatıb.

- Bu il ərzində belə bir Assambleyanın yaradılması baş tuta bilərmi?

- Mən düşünürəm ki, bu barədə müzakirələr aparılacaq. Belə ciddi işlər tələsik şəkildə görülməməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər bu təşkilatı yarada biləcəyik.

- Ümumilikdə ABŞ-dakı Azərbaycan diasporunun fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

- Mən deməzdim ki, onların fəaliyyəti məni qane etmir. Amma biz indiki səviyyəmizdən daha da yüksəlməyə çalışmalıyıq. Burada olduğum vaxtda ABŞ-dakı diaspor təşkilatlarımızın fəaliyyətini nəzərdən keçiririk, təhlil edirik. Əsasən də dünya siyasətinin, ən qlobal məsələlərin həll olunduğu Vaşinqtonda azərbaycanlıların fəaliyyətinə nəzər salanda görürük ki, biz işimizi sürətləndirsək, səylərimizi artırsaq daha effektli nəticələr əldə edə bilərik. Çünki bizim buna böyük potensialımız var. ABŞ-da görüşdüyüm şəxslər də bildirirdilər ki, azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə hazırdırlar. Sadəcə, daha çox bir olsaq, həmrəylik göstərsək, Amerikanın nüfuzlu dairələrində azərbaycanlılara qarşı daha çox diqqət yönələr, həm də Azərbaycan diasporunun fəaliyyəti daha qabarıq şəkildə göz önündə olar. Mən də bu fikirlərlə razıyam. Hesab edirəm ki, biz fəaliyyətimizi getdikcə daha da gücləndirməyə borcluyuq.

Xəbər lenti

Xəbər lenti