Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov regionlara ilk səfəri çərçivəsində Gəncədə olub. Regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlər və dövlət müəssisələri rəhbərlərinin iştirak etdiyi görüşdə komitənin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və fuknsiyaların vaxtında və səmərəli şəkildə yerinə yetirlməsini təmin etmək məqsədilə təsdiq olunmuş tədbirlər planının icrası müzakirə olunub.
Komitə sədri çıxışında dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsini və özəlləşdirilmiş müəssisələrə investisiya qoyuluşunun artırılmasını önə çəkib. Prioritet istiqamətlər kimi yeni iş yerlərinin açılması, müəssisələrin fəaliyyətinin yenidən qurulması və inkişafı önə çəkilib. Komitənin ərazi şöbələrinə öz işlərini regionların sosial-iqtisadi inkişafı proqramına uyğun qurmaları həvalə edilib. Həmçinin dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə prosesində şəffaflığın təmin edilməsi, vətəndaşların bu sahədə qarşılaşdıqları məsələlərin operativ və effektiv həlli də zəruri hesab edilib. Mətbuat işçilərinin iştirakı olmadan davam edən edən tədbirin davamında komitənin ərazi şobə müdirləri və müəssisə rəhbərləri ilə komitə sədri arasında görülən işlər və qarşıda duran vəzifələr barədə diskusiya aparılıb.
Görüşdən sonra qısa informasiya verən K.Həsənov Gəncədəki müəssisələrin prezidentin diqqət mərkəzində olduğunu və bu məqsədlə pilot layihələrin hazırlandığını bildirdi: "Gəncə İcra Hakimiyyətinin başçısı ilə Gil-Torpaq İstehsalat Birliyində olduq. Böyük investisiya layihələri planlaşdırılıb və tenderlər keçirilib. Yaxın günlərdə investisiya qoyuluşuna başlanacaq. Ümumiyyətlə, bu il ərzində alüminium sahəsinə 42,5 milyon dollarlıq investisiya yatırırılacaq. Bu da əlavə 30 min ton alüminium istehsalına imkan verəcək ki, nəticədə iş yerlərinin sayı artacaq"-deyə komitə sədri əlavə etdi.