...

Energetika naziri: Türkiyə Ceyhan limanını "Aralıq dənizinin Rotturdamı"na çevirmək niyytəindədir

Siyasət Materials 10 İyun 2006 12:16 (UTC +04:00)
Energetika naziri: Türkiyə Ceyhan limanını "Aralıq dənizinin Rotturdamı"na çevirmək niyytəindədir

Türkiyə enerji daşıyıcılarının istehlakçıları ilə istehsalçıları arasında vacib körpüyə çevrilib və onu artıq konkret neft məhsuları ehtiyatına malik ölkə adlandırmaq olar. Bu barədə, Trend agentliyinin Türkiyə KİV-nə istinadən yaydığı məlumata əsasən, Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Güler bildirib.

"Vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsini də mümkünsüz adlandırırdılar, ilk tanker isə çoxdandır ki, doldurulub" - deyə nazir vurğulayıb. O əlavə edib ki, Bosfor və Dardanel boğazlarına düşən "neft yükünü"nün azaldılmasında BTC ilə yanaşı, Samsun-Ceyhan neft kəməri də böyük rol oynayacaq.

Nazirin sözlərinə görə, son 3 ildə Türkiyə boğazları vasitəsilə neft çatdırmalarının həcmi 50% artıb ki, bu da İstanbul üçün təhlükədir. "Ceyhan regionu hazırda Türkiyənin ən vacib layihəsidir və onun haqqında bütün dünyaya danışmaq lazımdır. Ceyhan yeni Rotterdam olacaq" - deyə H.Güler qeyd edib. O deyib ki, rəsmi Ankara neft layihələrilə yanaşı qaz layihələrini də nəzərdən keçirir.

"NABUCCO layihəsi Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə Avstriyaya qazın nəqlini nəzərdə tutur" - deyə nazir bildirib. O xatırladıb ki, Ukraynadakı böhrandan sonra Türkiyənin tranzit ölkəsi kimi əhəmiyyəti xeyli artdı.

BTC ilə yanaşı bizim Bakı-Tbilisi-Ərzurum kəmərimiz də var ki, bu da gələcəkdə Yunanıstan və İtaliyaya qədər uzadılacaq. Həmin layihə üzrə saziş artıq imzalanıb. Cari ilin qışında Türkiyə Yunanıstana "mavi yanacaq" çatdıracaq.

Hilmi Güler "Mavi Axın" qaz kəməri mövzusuna da toxunub. Onun dediklərinə görə, hazırda Rusiya qazı Türkiyənin şimal bölgələrinə, o cümlədən, Ankaraya çatdırılır. Lakin bu kəmər də yaxın vaxtlarda Ceyhanadək çəkiləcək.

"Qazın yeraltı çənlərdə saxlanılması vacibdir. Bu istiqamətdə artıq iş gedir" - deyə o qeyd edib. Nazir həmçinin diqqətə çatdırıb ki, Türkiyə Neft Şirkəti (TPAO) artıq dünyada tanınır. "Bu şirkət Qazaxıstan, Azərbaycan və Misir bazarlarında fəal işləyir. Yaxın vaxtlarda İraqdakı iş də davam etdiriləcək" - deyə H.Güler əlavə edib.

Xəbər lenti

Xəbər lenti