...

Polşa Seyminin deputatları Asim Mollazadə ilə görüşüblər

Siyasət Materials 13 İyun 2006 12:01 (UTC +04:00)

Polşa Seyminin Avropa Birliyi məsələləri üzrə komissiyasının nümayəndə heyəti iyunun 13-də Azərbaycan Demokratik İslahatlar Partiyasında görüş keçiriblər. Trend in məlumatına görə, görüşdə Polşa Seyminin deputatı, Seymin Avropa Birliyi məsələləri üzrə komissiyasının sədri Karol Karski, Seymin üzvü, deputat Malqojata Sadurskaya, Avropa Birliyi məsələləri üzrə komissiyasının əməkdaşı Yoanna Kovalskaya, Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski, həmçinin Demokratik İslahatlar Partiyası (DİP) İdarə Heyətinin üzvləri iştirak ediblər.

DİP sədri Asim Mollazadə Azərbaycanla Polşa arasında əlaqələrdən, Azərbaycanın Avropaya inteqrasiya istiqamətində apardığı işlərdən, həmçinin Polşanın tarixindən danışıb. DİP sədri bildirib ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya yönündə Polşanın təcrübəsindən yararlana bilər, eyni zamanda bu ölkə də Azərbaycana öz dəstək və yardımlarını göstərməlidir. A.Mollazadə Qarabağ münaqişəsindən də danışıb və qeyd edib ki, bu konflikt bütövlükdə Cənubi Qafqazın inkişafına və Avropaya inteqrasiyasına mane olur. Partiya sədri Azərbaycan və Polşa xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu, mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq qurulmasının vacibliyini diqqətə çatdırıb.

Karol Karski Azərbaycan haqqında məlumatlar aldığını, ölkəmizin müstəqillik tarixini, bugünkü inkişafını öyrəndiyini deyib. O, Azərbaycanın Avropa strukturlarına inteqrasiya xətti götürməsini müsbət qiymətləndirdiyini qeyd edib. K.Karskinin sözlərinə görə, NATO və Avropa Birliyi kimi güclü, nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Polşanın bu sahələrdə Azərbaycana yardım etmək imkanları var. Polşa səfiri Kşiştof Krayevski və digər qonaqlar da ölkəmizin Cənubi Qafqazda və beynəlxalq təşkilatlarda tutduğu mövqedən, iqtisadi və digər sahələrdə inkişafından danışıblar və ölkələrarası əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasının zəruriliyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti