...

ABŞ Azərbaycanda təcili tibbi yardımın keyfiyyətinin artırılması üçün əlindən gələn köməyi göstərməyə hazırdır

Siyasət Materials 16 İyun 2006 14:04 (UTC +04:00)

Yol-nəqliyyat qəzaları, qazla və suda boğulma faktları - Azərbaycanda bədbəxt hadisələrin statistikasının əsas bəndləridir. Lakin biz bu mənzərəyə etinasız yanaşmamalıyıq. Trend in verdiyi xəbərə görə, bu barədə iyunun 16-da travmalara nəzarət və bədən zədələrinin qarşısının alınmasına həsr olunmuş konfrans zamanı ABŞ-ın Azərbaycanda işlər üzrə müvəqqəti vəkili Ceyson Haylend deyib.

"Bu mənzərəni dəyişmək üçün təcili tibbi yardım xidmətinin keyfiyyət səviyyəsini mümkün qədər artırmaq lazımdır", - deyə C.Haylend qeyd edib və bildirib ki, "ABŞ - Azərbaycanın yaxın dostu və tərəf müqabilidir. İki ölkənin fəal əməkdaşlıq sahələrindən biri də məhz səhiyyə sahəsidir".

Amerikalı diplomat deyib ki, yeni "Təcili tibbi yardımın inkişaf təşəbbüsü üzrə proqram"ın yalnız birbaşa enerji boru kəmərləri ilə bitişik rayonları əhatə etməsinə baxmayaraq, əməkdaşlıq dairəsi genişləndiriləcək. "Bu ABŞ Beynəlxalq inkişaf Agentliyinin (USAİD) özəl şirkətlərin dəstəyi ilə həyata keçirdiyi ilk proqramdır", - deyə C.Haylend qeyd edib və bildirib ki, proqram çərçivəsində Azərbaycanın Yevlax, Şəmkir və Kürdəmir rayonlarındakı təcili yardım məntəqələrinin infrastrukturunun inkişaf etdirilməsi və ya Gəncə və Bakıda treninq mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, "Təcili tibbi yardımın inkişaf təşəbbüsü üzrə proqram" respublikanın Səhiyyə və Fövqəladə hallar nazirliklərinin fəal dəstəyi ilə ABŞ qeyri-hökümət təşkilatı - Beynəlxalq tibb korpusu tərəfindən həyata keçirilir.

Chevron, Amerada Hess, BP, SCP, Engender Health və IMC şirkətləri də proqrama maliyyə dəstəyi göstərir.

Xəbər lenti

Xəbər lenti