Dövlət bütün vətəndaşların təhlükəsizlik və hüquqlarının təminatçısı rolunda çıxış edir. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov "Sərbəst toplaşmaq haqqında" qanunda nəzərdə tutulan bəzi müddəalara münasibət bildirərkən qeyd edib.
Onu da bildirək ki, Milli Məclisin insan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının birgə keçirilən iclasında bəzi millət vəkilləri "Sərbəst toplaşmaq haqqında" qanuna aksiyaları dağıdan polsilərin rezin dəyənək, elektroşok cihazlar, rezin güllələr, xidməti atlar və itlər və gözyaşardıcı qazdan istifadə edilməsi ilə bağlı maddənin əlavə edilməsinə etiraz ediblər. Buna görə də sənəd yenidən hazırlanmaq üçün adıçəkilən komissiyalara qaytarılıb.
Ə.Əhmədov bildirib ki, Azərbaycan dünyadan təcrid olan dövlət deyil: "Dünyanın hər bir demokratik ölkəsində qanunazidd hərəkətlərin qarşısı çətinliklə alınır. Çünki dövlət bütün vətəndaşların təhlükəsizlik və hüquqlarının təminatçısı rolunda çıxış edir. Hər hansı bir qruplaşmanın hərəkətləri digər vətəndaşların hüquqlarının pozulmasına səbəb olacaqsa, təbii ki, bu halda dövlət bunun qarşısını almalıdır".
YAP rəsmisi onu da qeyd edib ki, əgər vətəndaşlar qanunsuz şəkildə toplaşırlarsa, onda bu toplaşmanın qarşısını almaqdan ötrü dünya praktikasında tətbiq edilən üsullardan istifadə olunmalıdır: "Çünki qanunların pozulması ilə müşayət olunan aksiyaların hansı nəticələr verəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Belə olan halda qanunsuz şəkildə baş verən toplaşmalar xoşagəlməyən nəticələrə gətirib çıxara bilər. Bunun qarşısını almaqdan ötrü hüquq-mühafizə orqanları əməkdaşları dünyada tətbiq edilən vasitələrdən istifadə edirlər. Hesab edirəm ki, bu normal haldır. Dünyanın ən demokratik dövlətlərində bu sahədə xidməti at və itlərdən, göz yaşardıcı qazlardan, rezin güllələrdən də istifadə olunur".
Ə.Əhmədov qeyd edib ki, qanunsuz aksiyaları dağıtmaqdan ötrü polisin yardımçı vasitələrdən istifadə etməsini insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırımlası kimi qəbul etmək düzgün olmazdı.