ABŞ-ın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Enn Ders (Anne Derse) iyul ayının birinci ongünlüyündə ABŞ-ın Müstəqillik gününü qeyd etmək üçün Bakıya gələcək. Bu barədə Trend ə ABŞ səfirliyi ictimai əlaqələr şöbəsinin başçısı Conatan Henik xəbər verib.
Ötən illərdən fərqli olaraq, bu il Bakıda Müstəqillik günü münasibəti ilə keçirilən qəbul həmişə olduğu kimi iyulun 4-də deyil, iyulun 8-də olacaq.
Xatırladaq ki, ABŞ prezidenti Corc Buş aprelin 13-də Azərbaycandakı səfir vəzifəsinə Enn Dersin namizədliyini təklif edib. ABŞ konqresi mayın 12-i bu təklifi gözdən keçirərək, Enn Dersi diplomatik vəzifəyə təsdiq edib. Enn Ders əvvəl Ağ Evin müdafiəsi üzrə Şurada biomühafizə siyasəti üzrə direktor idi. Bu vəzifədən əvvəl ABŞ-ın Bağdaddakı səfirliyində iqtsadi münasibətlər üzrə baş müşavir vəzifəsində çalışıb, ondan əvvəl isə Avropa İttifaqındakı Amerika missiyasında da bu vəzifəni tutub. O, Makalester Kollecinin (Macalester College) bakalavr və Con Hopkins İnstitutunun (the Johns Hopkins University) magistr dərəcəsini alıb.