...

Vahid Ələkbərov: "LUKOYL" neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin mümkünlüyünü gözdən keçirir

Siyasət Materials 23 İyun 2006 10:26 (UTC +04:00)
Vahid Ələkbərov: "LUKOYL" neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin mümkünlüyünü gözdən keçirir

Trend in "LUKoyl" ASC prezidenti ilə eksklüziv müsahibəsi

- "LUKOYL" artıq uzun müddətdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Siz ölkədəki fəaliyyətinizi necə qiymətləndirirsiniz və Azərbaycandakı şirkətiniz tərəfindən bu vaxtadək nə qədər sərmayə qoyulub?

- Mən "LUKOYL"un Azərbaycandakı 12 illik fəaliyyətini müstəsna olaraq müsbət qiymətləndirirəm. Bu vaxt ərzində biz ölkə iqtisadiyyatına 1 milyard ABŞ dollarından artıq sərmayə qoymuşuq.

- Şirkətin gözdən keçirdiyi ən mühüm layihələrdən biri - Azərbaycan-Rusiya sərhədində yerləşən D-222 perspektiv dəniz blokunun ("Yalama") işlənib hazırlanmasıdır. Şirkət gələcəkdə müqavilə sahəsində hansı kəşfiyyat işlərini aparmağı planlaşdırır?

- Məlumdur ki, D-222 blokunda ilk kəşfiyyat quyusunun qazıntısı burada karbohidrogenin olmadığını göstərdi. Bundan başqa, struktur kifayət qədər mürəkkəbdir, onun tədqiqi üçün əlavə vaxta ehtiyac var. Ona görə də hazırda LUKOYL kəşfiyyat dövrünün 2009-cu ilə qədər uzadılması barədə ARDNŞ ilə danışıqlar aparır.
İkinci kəşfiyyat quyusunun qazıntısı 2008-ci ildən tez mümkün olmayacaq. Yəqin ki, əvvəlcə D-222 blokunun yaxınlığında yerləşən, Xəzərin Rusiyaya aid hissəsindəki Xəzri strukturunda quyu qazılacaq. Ümid edirik ki, bu quyunun qazıntısı və tədqiqatı zamanı əldə olunmuş məlumatlar D-222 blokunun strukturunu daha dəqiq anlamağa imkanı verəcək.
Əks halda, LUKOYL D-222 blokunda ikinci kəşfiyyat quyusunun qazılmasından və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə kompensasiya ödəməkdən imtina edə bilər.

- Sizin fikrinizcə, Xəzər neftinin ixracının prioritet istiqamətləri hansılardır?

- Xəzər regionu dövlətləri qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Xəzər ehtiyatlarının əldə olunması xammalın istehlakçılara fasiləsiz surətdə tədarük edilməsinə zəmanət verir. Eyni zamanda, bu hərəkət birtərəfli olmamalıdır. İstehsalçılar, öz növbəsində, istehlakçı ölkələrin bazarlarına çıxış əldə etməlidirlər. Yalnız bu halda qlobal enerji mübadiləsinin əsl etibarlı sistemi yaradılacaq.
Bununla əlaqədar, ixracın müxtəlif istiqamətli olması üstün cəhətdir. İxrac marşrutları nə qədər çox olarsa, həm tədarükçülərə, həm istehlakçılara, həm də tranzit ölkələrin büdcələri üçün bir o qədər sərfəli olar.
O cümlədən, LUKOYL Xəzərin şimal hissəsində böyük karbohidrogen yataqları kəşf edib. Son məlumatlara əsasən, buradakı neft hasilatı 2022-ci ilə qədər 20 milyon tonu keçəcək və son 10 il ərzində bu səviyyədə qalacaq. 2023-2026-cı illərdə qaz hasilatı maksimal səviyyəyə çatacaq və 18 milyard kub metrdən çox olacaq.
Bu yataqlardan neft nəqlinin variantlarından biri kimi Bakı-Tbilisi-Ceyhan boru kəməri gözdən keçirilir. Lakin ətraflı texniki-iqtisadi əsaslandırmadan və Rusiyanın "Transneft" şirkəti və Xəzər boru kəməri konsorsiumunun rəhbərləri, Azərbaycan və İranın səlahiyyətli dövlət orqanları ilə danışıqlardan sonra neft nəqlinin marşrutlarının son seçimi olacaq.

- "LUKOYL" böyük qaz-kondensant yatağı - "Şahdəniz"in işlənməsi layihəsində də iştirak edir. Szin fikrinizcə, Azərbaycan qazının satışı üçün hansı Avropa ölkələri daha perspektivlidir?

- Cənubi Qafqaz qaz kəmərinin son nöqtəsindən- Ərzurumdan gələn qaz Cənubi Avropa ölkələrinə, növbəti mərhələdə isə Qərbi Avropaya göndərilə bilər.

- "LUKOYL" "Azəri"- "Çıraq" - "Günəşli" layihəsindəki payını satan zaman bildirib ki, şirkətin operator qismində çıxış etdiyi layihələr prioritet layihələrdir. Bu gün yeni perspektiv sahənin alınması üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə danışıqlar aparılırmı?

- "LUKOYL Oversiz" hər il, o cümlədən Azərbaycan ərazisində karbohidrogenlərin axtarışı və hasilatı üzrə onlarla müxtəlif layihənin monitorinq və təhlilini keçirir. Hazırda şirkət bir sıra yeni layihələrə maraq göstərir. Onların arasında "Ümid", "Babək" və "Qoşadaş" strukturları var.

- "LUKOYL" Azərbaycanda neft məhsullarının pərakəndə satış bazarının əsas iştirakçılarından biridir. Ölkədə yanacaqdoldurma şəbəkələrinin sayını artırmaq ehtimalı nəzərdən keçirilirmi?

- 2006-cı ilin əvvəlindəki vəziyyətə görə, "LUKOYL- Azərbaycan" pərakəndə şəbəkəsində 22 yanacaqdoldurma kompleksi var idi və burada istehlakçılara benzin və dizel yanacağı, 8 məntəqədə isə maye qaz təqdim olunur. Bundan başqa, şirkət öz neft bazasından məhsulların kiçik miqyaslı topdan və pərakandə satışını həyata keçirir. "LUKOYL-Azərbaycan" həm də pərakəndə şəbəkə vasitəsilə yağların çəki ilə və qablaşdırılmış formada satışını həyata keçirir.
Pərakəndə bazarda əldə olunmuş mövqeləri möhkəmləndirmək üçün 2006-cı ilin sonunadək şəbəkənin 25 yanacaqdoldurma kompleksinə qədər artırılması məqsədəuyğun görünür. 2005-ci ildə "LUKOYL-Azərbaycan"da neft məhsullarının satış həcmi 224 min ton, avtoyanacaqdoldurma şəbəkələri vasitəsilə satış isə 101 min ton təşkil edib. 2006-cı ildə avtoyanacaqdoldurma komplekslərində pərakəndə satış həcmini 122 min tona qədər (45%) artırmaq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti