...

Azərbaycan XİN Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dair bəyanatla çıxış edib

Siyasət Materials 28 İyun 2006 11:41 (UTC +04:00)

Ermənistan XİN-nin 26 iyun 2006-cı il tarixli bəyanatı Ermənistan tərəfinin münaqişənin nizama salınması prosesində, təəssüf ki, qeyri-konstruktiv mövqeyində qalmasının daha bir sübutudur. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan XİN-nin bəyanatında deyilir.

"ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusi ilə də ABŞ-dan olan həmsədr Metyu Brayza hazırda müzakirə olunan sülh yolu ilə mərhələli nizama salınmanın təklif olunan sənədin ümumi kontekstinin ayrılmaz hissəsi olan ayrı-ayrı prinsiplərinin yalnız ümumi təsvirlərini göstəriblər. Bu anlayışların başa düşülməməsi və ya qarışıq salınması üçün, habelə Ermənistan XİN-nin bəyanatında əksini tapan spekulyasiya cəhdlərinə zəmin yaradır.

Statusun müəyyən olunması davam edən işğal və etnik təmizləmə şəraitində mümkün deyil və bu səbəbdən, müvafiq beynəlxalq təhlükəsizlik təminatları altında məcburi köçürülmüş Azərbaycan əhalisinin öz daimi yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq üçün ölkənin işğal edilmiş ərazilərinin azad olunması və bütün münaqişə zonasının demilitarizasiyası tələb olunur. Bunu Ermənistan rəhbərliyi də etiraf edir", - deyə sənəddə qeyd olunur.

Azərbaycan tərəfi ölkənin qüvvədə olan Konstitusiyası və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsinə hazır olduğu barədə mövqeyini bir daha təsdiq edir. Daimi nizamlanmaya nail olmaq üçün belə bir konstitusiyaya uyğun yanaşma mümkün olan yeganə yoldur. İcmalararası sülh və harmoniyanın və regionun statusunun müəyyən edilməsi məqsədi ilə obyektiv şəraitin bərqərar edilməsi üçün, habelə regionun gələcək inkişafı perspektivini nəzərə alaraq, Azərbaycan dünya praktikasında mövcud olan presedentlərə müvafiq şəkildə Dağlıq Qarabağ əhalisinin münaqişə dövrünün əvvəlində olan etnik tərkibinin bərpa edilməsindən sonra əhali üçün regionda iqtisadi və digər stimullar kompleksi məsələsinə baxmağa hazır olacaq.

Danışıqlar çərçivəsində Azərbaycanın mövqeyi konstruktiv olaraq qalmaqdadır və nəinki bizim çoxmillətli dövlətimizin, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. İşğal edilmiş ərazilərimizi girov və alver elementinə çevirmək taktikasından istifadə etməklə bu mövqenin şantaj və hədələrlə dəyişdirilməsinə yönəldilmiş bütün cəhdlər uğursuzluğa məhkumdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz".

Eyni zamanda Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinin regionda daimi və ədalətli sülhə nail olmaq üçün sülh danışıqlarının davam etdirilməsinə sadiqliyini təsdiq edir. Danışıqlar prosesinin pozulacağı təqdirdə bütün məsuliyyət və bunun nəticələri Ermənistan tərəfinin üzərinə düşür", - deyə Azərbaycan XİN bəyan edir.

Xəbər lenti

Xəbər lenti