...

Rəbiyyət Aslanova: "Milli azlıqlarla bağlı məsələnin müzakirəsində işğalçı Ermənistanın ATƏT PA tərəfindən cəzalandırılmasını tələb etdik"

Siyasət Materials 4 İyul 2006 17:35 (UTC +04:00)
Rəbiyyət Aslanova: "Milli azlıqlarla bağlı məsələnin müzakirəsində işğalçı Ermənistanın ATƏT PA tərəfindən cəzalandırılmasını tələb etdik"

ATƏT PA-nın yay sessiyasında Ermənistandan qovulan azərbaycanlıların məsələsini gündəmə gətirdik və buna görə işğalçı Ermənistanın cəzalandırılması tələbi ilə çıxış etdik. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

Millət vəkili bildirib ki, ATƏT PA-nın hər üç - təhlükəsizlik və siyasi məsələlər, iqtisadi məsələlər və insan haqları komitələrinin iclası keçirilib: "İclaslarda "ATƏT məkanında insan təhlükəsizliyinin möhkəmləndirilməsi" mövzusunda müzakirələr aparılıb. ATƏT PA-ya üzv olan 56 dövlətin nümayəndəsi vacib olan bu məsələyə öz münasibətini bildirib. Çünki ATƏT məkanında əgər hər hansı bir dövlətə təcavüz varsa, dövlətin ərazi bütövlüyünə təcavüz edilibsə, bu, o deməkdir ki, təhlükəsizlik təmin olunmayıb".

R.Aslanova onu da qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin hər üç komitədə bu mövzu ilə bağlı təklifi olub. Millət vəkili bildirib ki, 36 təklifdən 16-ı Azərbaycan nümayəndə heyətinin payına düşüb. R.Aslanova vurğulayıb ki, birinci komitədə nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ilə Azay Quliyev çıxış edib: "Təkliflərini əsaslı şəkildə qəbul etdirə biliblər. İkinci komitədə mən və millət vəkili Fazil Mustafayev çıxış etdik".

Millət vəkili bildirib ki, müzakirələrdə bir neçə blok məsələ öz əksini tapırdı. R.Aslanova milli azlıqlar məsələsi ilə bağlı çıxış etdiyini bildirib: "Ermənistandan qovulan azərbaycanlıların taleyinə münasibət bildirmələrini xahiş etdim. Dedim ki, əgər Ermənistan kimi işğalçı ölkə orada məskunlaşan milli azlıqları ərazisindən çıxarırsa, bu, təhlükəsizliyin təmin olunmaması deməkdir. Ona görə də bu məsələni gündəmə gətirdik və oradan qovulan insanların hər birinin taleyinə cavabdeh olan işğalçı Ermənistanın cəzalandırılmasını tələb etdik".

R.Aslanova onu da qeyd edib ki, iqtisadi məsələlər komitəsində millət vəkilləri Eldar İbrahimov və Fəttah Heydərov çıxış edərək Azərbaycanın böyük iqtisadi layihələrindən danışıblar.

Qeyd edək ki, ATƏT PA-nın Brüsseldə keçirilən yay sessiyası iyulun 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti