Gürcüstanın baş naziri Zurab Noqaideli Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşdə ölkələr arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq, nəqliyyat, Qars-Axalkalaki-Tbilisi dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi, energetika sahəsində əməkdaşlıq məsələləri barədə müzakirələr aparılacaq. Trend in məlumatına görə, bu barədə Z.Noqaideli jurnalistlərə açıqlama verib.
O, gələn həftə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasiminin keçiriləcəyini xatırladaraq neftlə dolu ilk tankerin artıq yola düşdüyünü deyib. Əlavə edib ki, bu il "Şahdəniz"dən çəkilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də tikintisi başa çatdırılacaq: "Bunlar bizim əməkdaşlığımız üçün vacib olan məsələlərdir. Neft və qaz kəmərlərindən başqa, ikitərəfli ticarət sahəsində də bir sıra məsələləri müzakirə eləcəyik". Baş nazir Bakı-Tbilisi-Ceyhan kəmərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağını deyib.
Noqaideli Qars-Axalkalaki-Tbilisi dəmir yolunun tikintisi ilə bağlı qeyd edib ki, Gürcüstan tərəfi öz üzərinə düşən işləri yerinə yetirəcək və lazım olan maliyyəni ayıracaq.
Gürcüstan hökumətinin başçısı bu ölkədə yaşayan azərbycanlıların görmük-sərhəd xidmətində üzləşdikləri problemlərə də münasibətini bildirib. O, qeyd edib ki, həm Güyrcüstan, həm də Azərbaycan tərəfindən sərhədi keçərkən görmük xidmətində bəzi məhdudiyyətlər var. Amma Z.Noqaideli bildirib ki, gömrük qeydiyyatı olmadan hər iki tərəfdən müəyyən miqdarda yük daşınması mümkündür: "Belə məhdudiyyətlər hər zaman olub və gələcəkdə də olacaq. Beynəlxalq təcrübədə də var ki, insanlar gömrükdən keçərkən özləri ilə daşıdıqları yükün pulunu, yəni gömrük rüsumu ödəməlidirlər".