...

Prezident Trayan Basesku: "Rumıniya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir"

Siyasət Materials 14 İyul 2006 18:19 (UTC +04:00)
Prezident Trayan Basesku: "Rumıniya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir"

Trend in Rumıniya prezidenti Trayan Basesku Trayan Basesku (Traian Bãsescu) ilə eksklüziv müsahibəsi

- Siz Azərbaycan ilə Rumıniya arasındakı ikitərəfli əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? Buxarestə səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşünüzün əsas nəticələrini necə görürsünüz?

- Rumıniya dövlətinin başçısı kimi mən siyasi əlaqələrin yüksək səviyyəsindən razıyam. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sonuncu səfəri, o cümlədən ilyarım ərzində keçirilmiş bütün görüşlərlə bir daha təsdiqlənib. Bizim möhkəm siyasi zəmin üzərində qurulmuş, ikitərəfli iqtisadi əlaqələrin dinamikasının müzakirəsinə yönəlmiş yeni təklifimiz var. Əgər Rumıniya-Azərbaycan ikitərəfli əlaqələrinin bugünkü və gələcək statusunu dərindən öyrənsək, görərik ki, iqtisadi əlaqələr genişləndirilməlidir. Mən xalqlarımız arasında əlaqələri və qarşılıqlı səmimiliyi xüsusilə mühüm hesab edirəm.

İyunun 5-də sonuncu görüş zamanı vaxt məhdudiyyəti ilə əlaqədar bizim prezident İlham Əliyevlə ikitərəfli qarşılıqlı əlaqələrlə bağlı məsələləri dərindən müzakirə etmək imkanımız olmadı. Ətraflı təhlil bu il oktyabrın əvvəlində mənim Azərbaycana rəsmi səfərim zamanı aparılacaq.

Biz Avropa Birliyi və Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fərdi Fəaliyyət Planı üzrə danışıqların başlanmasını, o cümlədən ölkənizin NATO ilə Fərdi Fəaliyyət Planında iştirakını alqışlayırıq. Biz bu planların tezliklə qəbul edilməsində ölkə hökumətinə dəstəyimizi bildirmişik. Biz onu da bəyan etmişik ki, Rumıniyanın Avropa və Avroatlantik strukturlarına qəbul edilərkən əldə etdiyi təcrübə ilə bölüşə bilərik.

Biz etiraf edirik ki, iqtisadi əlaqələr hər iki ölkənin imkanları səviyyəsinə uyğun deyil və hesab edirik ki, texniki və elmi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iyunda Bakıda keçirilmiş 2-ci sessiyası bu istiqamətdə inkişafın vacibliyini göstərib. Mənim bu ilin payızında Azərbaycana səfərim zamanı biz bu səylərin son nəticəsini müzakirə edəcəyik və bunların hansının həyata keçirilməsinin mümkün olduğunu və bizim gələcək marağımıza layiq olduğunu görəcəyik.

- Siz iyunun əvvəlində Buxarestdə keçirilmiş Qara dəniz Dialoq və Əməkdaşlıq Forumu sammitinin yekunlarını necə qiymətləndirirsiniz?

- Qara dəniz regionu Rumıniyanın regional siyasətində prioritetdir. Biz hesab edirik ki, bu region istifadə olunmamış böyük potensiala malikdir. Xüsusilə təhlükəsizlik və enerji riskini nəzərə alsaq, bu regionun təhlükəsizliyi birbaşa Avropa və Avroatlantik məkanın təhlükəsizliyi ilə bağlıdır.

Biz əminik ki, Qara dəniz regionu həm Rumıniya, həm də Azərbaycan üçün xüsusilə mühümdür. Region Avropa və Avroatlantik məkana açılan qapıdır. Bu, Azərbaycanı Avropaya aparan kifayət qədər birbaşa yoldur. Buna görə də biz inanırıq ki, Qara dəniz regionunu Avropa ilə əlaqələndirən mövcud alətlərin (onlar daha çox ikitərəfli və sektoral alətlərlə məhdudlaşıb) yaxşılaşdırılımasına yardım etmək dövlətinizin maraqlarındadır.

Biz inanırıq ki, Qara dəniz Dialoq və Əməkdaşlıq forumu Azərbaycan Respublikası üçün əməkdaşlığın regional səviyyədə dərinləşməsi, eləcə də Avropa və Avroatlantik regionundan yeni tərəfdaşların, o cümlədən region dövlətləri tərəfindən müəyyən edilmiş prioritetlər və ehtiyacları təmin etmək üçün regiona özəl sektorun cəlb edilməsi ilə faydalı olacaq.

Forumun iyunun 5-də Buxarestdə keçirilmiş 1-ci sammitinə gəldikdə isə, biz etiraf etmişik ki, bu sammit regionda təşəbbüsünün dəstəklənməsinə ehtiyac duyulan ölkələrin siyasi iradəsinin birləşdirilməsi üçün birgə səylərimizin maddiləşdirilməsi istiqamətində ilk addımdır. Azərbaycan, Türkiyə, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya və Ukrayna vətəndaşları yaradıcı xalqlardır və öz regionları üçün nə isə etmək istəyirlər. Bu xalqların tələbatını təmin etmək üçün biz onlara dövlət dəstəyini təklif etməliyik. Biz ümid edirik ki, bu layihə təşəbbüslər və polemika, o cümlədən onların gerçəkləşdirilməsi arasındakı yolu qısaldacaq.

- Siz GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatının fəaliyyətini necə qiymətləndirirsiniz? Rumıniyanın bu təşkilata daxil olması imkanları nəzərdən keçirilirmi?

- Rumıniya Avroatlantik Birliyin AB və NATO sərhədlərindən xaricdə sabitlik, təhlükəsizlik və çiçəklənmənin genişlənməsi məqsədini dəstəkləyir və bizim Yaxın Şərqdə gedən proseslərə marağımız təbiidir. Bu yaxınlarda mən Rumıniyanın xarici işlər naziri vasitəsilə GUAM-ın "GUAM - demokratiya və iqtisadi inkişaf uğrunda" beynəlxalq təşkilata çevrilməsi münasibətilə təbrik etməkdən məmnun oldum. Biz bu təşkilata yeni çərçivələrdə fəaliyyətində uğurlar arzulayırıq.

Mən hesab edirəm ki, bu təşkilat Avropanın təhlükəsizliyi uğrunda mübarizədə mühüm regional qurumdur. TRASECA, INOGATE və digər mühüm layihələrə malik olan Gürcüstan, Azərbaycan və Moldova arasında təhlükəsizliyin möhkəmləndirilməsi, karbohidrogen nəqli və Avropa istiqamətində hərəkət sahələrində əməkdaşlıq vacibdir.

Mən GUAM ölkələrinin regionda qeyri-sabitsizlik və sərhədlərdə təhlükə mənbəyi olan dondurulmuş münaqişələrin həllində maraqlı olmasını alqışlayıram. Belə təhlükələrlə mübarizə üçün qətiyyətli fəaliyyət və ümumi planlar lazımdır.

Mən düşünmürəm ki, Rumıniyanın GUAM-a qoşulması məsələsinə baxmaq lazımdır. Bu təşkilat Rumıniyanın daxil olmadığı müəyyən coğrafi sərhədlərə malikdir. Ancaq GUAM Rumıniyanın mənsub olduğu coğrafi regionla həmsərhəd olduğundan, deyə bilərəm ki, biz GUAM üzvləri arasında dərin və səmərəli əməkdaşlığı fəal surətdə dəstəkləmək niyyətindəyik.

- Sizin fikrinizcə, Azərbaycan Avropanın, o cümlədən Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması məsələsində iştirak edə bilərmi?

- Avropanın enerji təhlükəsizliyi enerji ehtiyatlarına artan tələbat baxımından xüsusilə mühüm məsələdir və Rumıniya neft və qaz idxal edən ölkə kimi yeni idxal mənbələrində və alternativ nəql marşrutlarında maraqlıdır.

Biz yeni yollarda maraqlıyıq. Buna əsasən, Nabucco layihəsi gerçəkləşdiriləcək. Azərbaycan bu boru kəməri üçün həm tranzit, həm də tədarükçü ölkə kimi mühüm rol oynaya bilər.

Rumıniya Azərbaycanla enerji sahəsində sıx əməkdaşlığın inkişafında maraqlıdır. Biz sənaye və energetika sektorlarında əməkdaşlığa dair əvvəlki layihələri rəsmiləşdirəcək müvafiq nazirliklər arasında ikitərəfli sazişin imzalanması imkanlarını öyrənirik. Mən əminəm ki, bu layihələr Bakıya rəsmi səfərim zamanı gündəliyə daxil ediləcək.

- Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi? Siz Dağlıq Qarabağ münaqişəsinni həlli yolları və perspektivlərini necə görürsünüz?

- Əlbəttə. Mən hər zaman təsdiqləmişəm ki, Rumıniya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Hesab edirəm ki, Şərqdəki qonşu ölkələrdə dondurulmuş münaqişələr eyni zamanda həm simptom, həm də testdir - yəni Şərqi Avropanın problemli tarixinin simptomu və NATO ilə AB-nin regiona sabitlik və təhlükəsizlik gətirmək bacarığının testi. Əgər biz həll olunmamış münaqişələr xəritəsinə nəzər salsaq, Qara dəniz regionunda qanunsuz silah daşınması, insan alveri, transsərhəd cinayətlər, demokratik təsisatların sarsıdılması, geniş yayılmış insan haqlarının pozulması kimi ciddi təhlükəsizlik problemləri əmələ gətirən sabitsizlik qövsünü görərik. Dondurulmuş münaqişələrin vahid, universal həlli yoxdur. Dnestryanı, Abxaziya, Dağlıq Qarabağ və ya Osetiyada münaqişələr müxtəlifdir. Buna görə onların həlli də müxtəlif olmalıdır. AB, NATO vasitəsilə və ya digər formatda fəaliyyətimizdən asılı olmayaraq bizim hərəkətlərimiz münaqişənin səbəbi, siyasi, sosial və iqtisadi xüsusiyyətlərindən başlayaraq münaqişəyə cəlb olunmuş bütün tərəflərin mövqeyi ilə bağlı aydın təsəvvürə malik olmağadək hər bir vəziyyətə uyğunlaşdırı lmalıdır. Biz hesab edirik ki, 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün unikal imkan yaradır. Bununla əlaqədar mən Buxarest görüşünün müsbət nəticələrini alqışlayıram.

İki prezidentin Buxarestdə, əsas məqsədi bu regionda dialoq və əməkdaşlıq mədəniyyətinin inkişafı olan Qara dəniz Dialoq və Əməkdaşlıq forumunun təklif etdiyi çərçivələrdə görüşməyə qərar verməsi mənim üçün böyük şərəfdir.

Mən hesab edirəm ki, Minsk prosesi həm beynəlxalq təşkilatların, həm də münaqişə tərəflərinin rolunu tələb edir. Rumıniya hər iki qonşu ölkə arasında danışıqların davam etdirilməsi üçün əlverişli mühitin yaradılmasına töhfə verməyi arzulayır.

Rumıniya bu prosesdə tərəfdaş deyil, ancaq ATƏT-in üzvü kimi və regional maraqların perspektivlərindən irəli gələrək Praqa prosesinin inkişafını izləyir. Münaqişə öz-özlüyündə mürəkkəbdir və onun həlli də mürəkkəb olacaq. Biz öz növbəmizdə beynəlxalq təşkilatların ekspertləri ilə birgə vaxtı çatanda milli azlıqların hüquqlarının təmin olunmasında təcrübəmizi ölüşməyə hazırıq.

Rumıniya mümkün olan bütün diplomatik alətləri nəzərə alaraq münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz ümid edirik ki, Buxarest görüşü həqiqi irəliləyişlə və hətta ola bilsin ki, danışıqlar prosesinin sürətləndirilməsi istiqamətində konkret addımlar barədə sazişlə yadda qalacaq müzakirələrin yeni çərçivələrinin yaradılmasının əsasını qoyacaq. Sizin uğurlarınız bütün Qara dəniz regionu və bu regiona mənsub olan bütün ölkələrin uğuru olacaq. Əminəm ki, siz Rumıniyanın dəstəyindən qazanacaqsınız. Çünki biz sizin üzləşdiyiniz problemləri tamamilə anlayırıq.

Biz Moldovanın sərəncamımızda olan istənilən instansiyadan Avropa və Avroatlantik məkana can atmasını dəstəkləməyi qərara almışıq. AB daxilindəki sərhədlər təbiətindən asılı olmayaraq itir. Biz sizə bu yolla irəliləməkdə davam etməyi məsləhət görürük. İlk addımlar isə Fərdi Fəaliyyət Planı üzrə danışıqların əvvəlində atılıb.

Xəbər lenti

Xəbər lenti