Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) fəaliyyətinə xitam verməyib. Bu barədə "Trendə" MSƏM-də təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov mərkəzin Sədrlər Şurasının toplantılarının keçirilməməsinə münasibət bildirərəkən qeyd edib.
Qeyd edək ki, MSƏM Sədrlər Şurasının toplantılarının keçirilməməsinin səbəbini mərkəzdə təmsil olan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidovla Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlunun yay ayları olduğundan siyasi fəallıqlarını zəiflətmələri ilə bağlayırlar.
A.Rüstəmov isə bildirib ki, üzürlü səbəblərə görə İsgəndər Həmidov, Çingiz Dəmiroğlu və Milli Dirçəliş Hərəkatının lideri Fərəc Quliyev Bakıda olmadığından Sədrlər Şurasının toplantılarına qatılmayıblar: "Amma bu o demək deyil ki, mərkəz dağılıb və yaxud da fəaliyyətinə xitam verib. Düzdür, yay ayları olduğundan siyasi fəallıq bir qədər azalıb. Ancaq mərkəzə daxil olan qurumlar fəaliyyət göstərir. Müəyyən səbəblər üzündən toplantılara ara vermişik".
AMİP sədri onu da qeyd edib ki, mərkəzdə təmsil olan siyasi qurum rəhbərləri sentyabrda fəallıqlarını artıracaqlar və MSƏM qarşısına qoyduğu vəzifələri həyata keçirmək istiqamətində çalışacaq.