Milli Məclisin sədri Oqtay Əsədov iyulun 26-da Azəbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dini işlər və şəriət məhkəməsi məsələləri üzrə müşaviri Əli bin əs-Seyyid Əbdürrəhman əl Haşim ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Spiker ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişaf perspektivlərindən danışıb, bu cür səfərlərin münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə göstərdiyi yardımlara görə BƏƏ-nin rəhbərliyinə minnətdarlığını bildirib.
Parlamentlərarası əlaqələrin inkişafından razılığını bildirən O.Əsədov qeyd edib ki, hər iki ölkənin qanunverici orqanında yaradılmış dostluq qrupları bu işdə mühüm rol oynayır.
Əli bin əs-Seyyid Əbdürrəhman əl Haşim Azərbaycana Qafqaz Müsəlmanları İdarəsi sədrinin dəvəti ilə gəldiyini və səfərdən məmnun qaldığını bildirib. O qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün gözəl zəmin var. Qarşılıqlı səfərlər münasibətlərimizi daha da genişləndirir. Səfərdən, eləcə də bu görüşdən əsas məqsəd əlaqələrimizin hərtərəfli inkişafına dair fikir mübadiləsi aparmaqdır.