Avqustun 22-də Bakıda Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurasının təsis konfransı keçirilib. Bu barədə Trend ə Şuranın nümayəndəsi Niyazi Hüseynov məlumat verib.
Gürcüstan azərbaycanlılarının təşkil etdikləri təşkilatların rəhbərləri belə bir konfederativ təşkilatın yaradılması ilə bağlı saziş bağlayıblar. Sazişi Gürcüstanın Azərbaycan Jurnalistləri Federasiyasının sədri Niyazi Hüseynov, "Kür" Azərbaycan-Gürcüstan Beynəlxalq Birliyinin sədri Sürəddin Əliyev, "İxlas" Gürcüstandakı Azərbaycan icmasının Xeyriyyə Təşkilatının rəhbəri Rauf Heydərov, Gürcüstan Azərbaycanlılarının Problemlərinin Araşdırılması Mərkəzinin başçısı Ədalət Yaqubov, Borçalı Türklərinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Xaqani Emin, Gürcüstan Azərbaycanlılarının "Qafqaz" Birliyinin rəhbəri Fazil Əliyev, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının prezidenti Daşqın Gülməmmədov imzalayıblar.
Saziş bağlanmasından sonra Gürcüstan Azərbaycanlılarının Beynəlxalq Şurasının təsis konfransı keçirilib. Konfransda qurumun nizamnaməsi təsdiq olunub, rəyasət heyəti formalaşdırılıb. Fazil Əliyev Şuranın sədri seçilib. D.Gülməmmədov Rəyasət Heyətinin sədri, Xaqani Emin baş katib seçilib. Şuranın mənzil-qərargahı Bakıda yerləşəcək. Qurum Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində işlər görməyi, soydaşlarımızın icitmai-siyasi fəallığına nail olmağı qarşıya məqsəd qoyub.
Sentyabrda isə Şuranın Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Fransa, İsveç, Ukrayna, ABŞ-da, Borçalı əsilli azərbaycanlıların yaşadığı digər ölkələrdə strukturlarının yaradılması planlaşdırılır.